UEFA-nın rəsmi saytı məşhur azərbaycanlı beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovla bağlı yazı hazırlayıb.

Unikal.org-un məlumatına görə, məqalədə əvvəlcə mərhum referinin idarə etdiyi oyunlardan bəhs olunur.

Bildirilir ki, T.Bəhramovu 1966-cı il dünya çempionatında İngiltərə və AFR milliləri arasında keçirilmiş final matçı məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub.

Bununla yanaşı, T.Bəhramovun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb. Həmin oyunda İngiltərənin "Tottenxem" klubu "Viverhempton"u 2:1 hesabı ilə məğlub edib.
O da qeyd olunub ki, Respublika stadionuna T.Bəhramovun adı verilib. Arenanın qarşısında isə məşhur hakimin heykəli qoyulub. Məqalədə daha sonra nəvə Tofiq Bəhramovun müsahibəsi əksini tapıb. Müsahib babası barədə xatirələrini bölüşüb. O, DÇ-2016-nın final matçının əlavə vaxtındakı epizod zamanı topun qapı xəttini keçdiyini söyləyib: "Babam həmin görüşdə böyük rol oynadı. O, qolu əminliklə və düzgün qeydə aldı. Oyundan sonra baş hakim babama yaxınlaşaraq, "Çox sağ olun, cənab Bəhramov. Siz mənim nüfuzumu xilas etdiniz. O vaxtlar qapı torları neylondan idi. İndi tor düz asılır, əvvəllər isə başqa cür idi. Top qapı dirəyi altına dəydikdən sonra xətti keçdi və çölə çıxdı. O, bunu dəqiqliklə gördü. Topun qapı xəttini keçdiyini müəyyənləşdirməyə tor kömək etdi. Bu il müasir texnologiyalar da babamın qərarının doğruluğunu təsdiqləyib. Həmin vaxt İngiltərə tarixində ilk dəfə dünyanın ən güclüsü oldu və təəssüf ki, bu nailiyyəti indiyədək təkrarlaya bilmir".

Nəvəsi, həmçinin bildirib ki, mərhum Tofiq Bəhramov İngiltərə "Mançester Yunayted"i ilə İspaniya "Real Madrid"i arasındakı Çempionlar Kubokunun yarımfinal matçını da idarə edib. O, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatında da hakim kimi çalışıb.

Qeyd edək ki, Tofiq Bəhramov 1993-cü il martın 26-da 67 yaşında dünyasını dəyişib.