Ağdaş rayonunda xüsusi amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org-un apa-ya istinadən xəbər verir ki, Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov yol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı dostluq etdiyi Ağdaş rayonu Qolqəti kənd sakini, 1970-ci il təvəllüdlü Baxşəliyev Abubəkr Sabir oğluna boğaz, qarın və kürək nahiyəsindən 7 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Hadisəni törədən R. Qurbanov qaçıb gizlənsə də, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən şəxsin qardaşı Mahir Baxşəliyev müsahibəsində qardaşının sifarişlə qətlə yetirildiyini və onu öldürən şəxsin təkcə R. Qurbanov olmadığını, hadisədə digər şəxslərin də iştirak etdiyini iddia edib. M. Baxşəliyev bildirib ki, qatillər qardaşını yox, onun özünü öldürmək istəyiblər və əvvəlcədən bu barədə xəbərdarlıq da ediblər. Onun sözlərinə görə, 3 il əvvəl Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Aslan və Həmid adlı şəxslərə 6500 manat pul verərək 2 sot torpaq sahəsi alıb. Lakin ötən müddət ərzində torpağını həmin adamlardan ala bilmədiyinə görə verdiyi pulu geri qaytarmağa çalışdığını, Aslan və Həmid adlı şəxslər barədə Suraxanı rayon Polis Şöbəsinə və prokurorluğa şikayət etdiyini bildirib. Həmin şəxslər bir həftə əvvəl ona Suraxanı rayonu Polis Şöbəsinin istintaq bölməsində pulu geri qaytarmayacaqlarını və bu günlərdə onun başına oyun açacaqlarını deyərək hədə-qorxu gəliblər. M. Baxşəliyevin iddiasına görə, şikayətçi olduğu Hamid Abdinovun qardaşı törətdiyi qətl hadisələrinə görə 3 dəfə həbsdə olub və onun qardaşı Abubəkri öldürən Ramazan adlı şəxslə həbsxanada bir yerdə olub, dostluq əlaqələri var. M. Baxşəliyev qardaşını ona 6500 manat pul borcu olan Aslan və Həmid adlı şəxslərin sifarişi ilə qətlə yetirildiyini bildirib.

Qeyd edək ki, bir uşaq atası olan A. Baxşəliyevin rayonda heç kimlə, o cümlədən onu öldürən Ramazanla şəxsi ədavətinin olmadığı, sakit təbiətli insan kimi tanındığı bildirilir.

Qətlə yetirilən şəxsin oğlu Ruslan Baxşəliyev isə bildirib ki, atası və anası ilə birgə Ağdaş şəhərində kirayə tutduqları evdə yaşayıblar və atası ailəsini dolandırmaq üçün vətəndaşların həyətlərində fəhləlik edib, halal zəhməti ilə pul qazanıb. O, atasını öldürən Ramazan adlı şəxsi yaxşı tanıdığını və dostluq münasibətləri olduğunu deyib. Atasının bir nəfər tərəfindən qətlə yetirilmədiyini iddia edən R. Baxşəliyev bu hadisədə əli olan digər şəxslərin də tapılaraq cəzalandırılmasını istəyir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.