Noyabrın 12-də Füzuli rayonunda "Azərxalça ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla "Azərxalça Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə "Azərxalça ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə "Azərxalçanın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

"Azərxalça ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalçanın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalçanın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib.

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı ilə bağlı ciddi addımlar atılır. İndi paytaxtla yanaşı, regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturunun yaradılması isə, ilk növbədə, bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.

 Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.