Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.