Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozinin Bakıya səfəri bu ölkədə də mətbuatın və ekspert çevrələrinin xüsusi diqqətinə səbəb olub.

"Kommersant" qəzeti səfərin guya Azərbaycanın 2011-ci ildə bağlanmış müqavilələr əsasında sifariş verdiyi silahların bir qisminin pulunu ödəyə bilmədiyinə görə Bakıyla borc danışıqları aparmaq məqsədi daşıdığını yazsa da Roqinin başçılıq etdiyi nümayəndə heyəti ilə prezident İlham Əliyev arasında danışıqlarda daha geniş spektrdə məsələlərin  müzakirə edildiyi açıqlanıb. Bura iki ölkə arasında ticarət-iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər daxildir. Rəsmi açıqlamada hərbi-texniki əməkdaşlıq barədə müzakirələrin aparıldığı haqda heç nə deyilməsə də ekspertlər şübhə etmir ki, bu məsələ də müzakirə olunub. Və ola bilsin Azərbaycan Rusiyadan yeni hücum silahları sifariş verməyə hazırlaşır.

"Russkaya planeta" portalı Roqozinin səfərini bu kontekstdə təhlil edərək yazır ki, 2011-2014-cü illər ərzində Azərbaycan Rusiyadan cəmi 4 milyard dollarlıq silah və texnika sifariş verib. Bura S-300 PMU-2 "Favorit" zenit-raket komplekslərindən tutmuş T-90S tanklarına, "Smerç" reaktiv yaylım atəşi sistemlərinə qədər bir çox hücum silahları daxildir.

Portal yazır ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal qeyd edir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıqdır. Ermənistanın səfil günündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyətinin səviyyəsini aşağı salır.

"GlobalFirePower" reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. "Azərbaycanın ordusunu gücləndirməsi şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir"-internet nəşr yazır.

"Hərbi ekspertlərin mövqeyinə görə Ermənistan Azərbaycan silahlı qüvvələrinin həmləsi qarşısında davam gətirə bilməyəcək. Bakını hücumdan ancaq Rusiya qorxusu çəkindirir. Ancaq Moskvanın Ermənistanı müdafiə etməsi asan olmayacaq. Çünki Ermənistanla birbaşa sərhədi yoxdur. Gürcüstan isə quru qoşunlarına dəhliz verməyəcək, bu halda Rusiya ancaq desant əməliyyatları, havadan dəstək və Xəzərdən zərbələrlə kifayətlənməli olacaq. Ancaq bu vəziyyəti dəyişməyə kömək edəcəkmi, demək çətindir.  Əgər Türkiyə də dəstək versə və Gürcüstan neytral qalsa Azərbaycan ən azı Qarabağı bir neçə günə tutacaq. Rusiyanın isə variantları çox deyil. Ona görə də indidən Bakıdan qarantiya almaq lazımdır ki, müharibəyə başlamasın. Əks halda Azərbaycan rus silahları ilə erməniləri öldürəcək"-"Russkaya planeta" yazır.

Virtualaz.org