İngiltərənin məşhur «Knight Frank» konsaltinq şirkəti dünya ölkələri, o cümlədən Azərbaycan üzrə milyonçu insanların sayını açıqlayıb. "The Wealth Report" adlı araşdırmada qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda 10 minə yaxın milyonçu olub. Araşdırmaya əsasən, Azərbaycanda 2015-ci ildə kapitalı 1 milyon dollardan çox olan 5600 nəfər, kapitalı 10 milyon dollardan çox olan 240 nəfər, kapitalı 30 milyonnan çox olan 87 nəfər, kapitalı 100 milyon dollardan çox olan 10 nəfər var. Ölkəmizdə milyarder isə qeydə alınmayıb.

Məqalədə qeyd olunur ki, 2005-2015-ci illər ərzində ölkədə kapitalını artıran şəxslərin sayı 444 faiz artıb ki, bununla Azərbaycan Monqolustandan sonra zənginlərin sayının ən sürətlə yüksələn ölkələrdən biridir.

Hətta neftin ucuzlaşması, manatın devalvasiyadan yararlanaraq varlanan şəxslərin sayı da az olmayıb. Böhranlı dövrdə yaşadığımız 2014-2015-ci illərdə ölkəmizdə zəngin insanların sayı 1 faiz artıb. Hesabatda bildirilir ki, 2005-ci ildə Azərbaycanda vəsaiti 1 milyon dollardan çox  olan şəxslərin sayı min nəfər, 10 milyon dollardan çox  olanların sayı 40 nəfər, 30  milyondan çox olanarın sayı 16 nəfər, 100 milyon dollardan çox olanlar isə 2 nəfər təşkil edib. Şirkət qeyd edir ki, 2025-ci ilə kimi onların sayı 70 faiz artacaq. 

Ölkəmiz üzrə ən çox 1-10 milyon dollar arasında varidatı olanların sayı artıb. Virtualaz.org hesabatı təhlil edərək xəbər verir ki, 2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb. 

Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə, dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.

Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onların sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur. 

Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikasından olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür.

Araşdırmada diqqət çəkən məqamlardan biri Azərbaycanda milyonçuların sayı barədə məlumatın hansı mənbəyə istinad edilməsidir. Bu haqda heç bir məqam yer almır. Ölkədə gəlirlər bəyannaməsi olmadığı halda, rəsmi milyonçu və milyarderlər haqqında danışmaq qeyri-müəyyəndir. Əgər ölkədə bütün iş adamları və məmurlar gəlirlər deklorasiyasını təqdim edərsə, bəlkə də milyarderlər haqqında da məlumat əldə edə bilərik. Azərbaycan hökuməti bu haqda rəsmi məlumatlar açıqlamaqda hələ ki, maraqlı görünmür. Bundan ölkəmiz nələr itirir?


İqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirdi ki, əksər dünya ölkələri milyonerlərinin sayı ilə fəxr edir: "Hansı ölkənin iqtisadiyyatı güclüdürsə, orada zəngin insanların sayı çoxdur. Təəssüf ki, Azərbaycan öz milyonçularını rəsmiləşdirməyə, qeydiyyata almağa çəkinir".

Ekspertin fikrincə, bunun əsas səbəbi ölkə daxilində mexanizmin olmamasıdır: "Azərbaycanda gəlirlər haqqında bəyannamə 2006-cı ildə prezident tərəfindən təsdiqlənib hazırlanması üçün Nazirlər Kabinetinə göndərilib. O zaman bunun üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilsə də, həmin tarixdən 10 ilə yaxındır müddət keçib, amma hökumət sənədi hazırlamayıb. Ümumiyyətlə, deklorasiya haqqında qanunun qəbulunda hökumət maraqlı görünmür. Bunun da başlıca səbəblərindən biri həmin milyonçuların məmurlardan, ya da onlara yaxın şəxslərdən ibarət olmasıdır".

A.Nəsirlinin sözlərinə görə, təzadların başlıca nədəni kölgə iqtisadiyyatının geniş yayılmasıdır: "Dünyanın sivil dövlətlərində məmurun milyonçuya çevrilməsi qəbahətdir, amma milyonçunun məmur olmasına normal yanaşılır. Azərbaycanda isə məmurlar hakimiyyətə zəngin olmaq üçün gəlirlər".

Yeri gəlmişkən, dövlət idarə edilməsində Azərbaycan Rusiyaya daha yaxındır. Lakin eyni siyasi idarəçiliyin olmasına, məmurların korrupsiyalaşmasına baxmayaraq, qonşu ölkənin məmurlarının və zəngin insanlarının deklorasiyaları formal da olsa, ictimaiyyətə açıqlanır. «Rusiya buna maraqlı olduğu halda, Azərbaycan hökuməti formal da olsa, gəlirlər bəyannaməsini təqdim etməkdən niyə çəkinsin» sualına A.Nəsirli belə cavab verdi: "Rusiyada da məmur oliqarxlar var ki, bizneslərini, gəlirlərini gizlətməyə çalışırlar. Qonşu dövlət böyükdür, orada imkanlar da genişdir, məmur olmayan böyük iş adamları da çoxdur. Onların manevr imkanları var. Azərbaycan isə kiçik dövlət olduğundan manevr imkanları məhduddur, milyonçuların sayı da azdır. Azərbaycanda məmura bağlılığı olmayan milyonçu yoxdur. Eyni zamanda Rusiyada inhisarçılığın faizi Azərbaycandakı qədər deyil".
İqtisadçı bildirir ki, rəsmi milyonçuların elan edilməməsindən Azərbaycan dövlət olaraq böyük itkilərə məruz qalır: "Birincisi, onların əmlakının rəsmiləşdirilməməsi vergidən yayınmalara səbəb olur ki, bundan da dövlət büdcəsi itirir. Eyni zamanda xarici investorlar bu kimi məqamlara diqqət yetirir. Gəlirlərin qeyri-şəffaflığı ölkənin həm siyasi, həm də biznes reytinqini aşağı salır, investisiya mühitini təhlükə altında qoyur. Xüsusilə, maddi ziyandan çox ölkəmizin beynəlxalq imicinə ziyan dəyir. Beynəlxalq təşkilatlar gözəl bilir ki, Azərbaycan hansı səbəbdən bu göstəriciləri açıqlamır. Ümumdünya Ticarət Təşkilatının üzvü olmaq istəyiriksə, bu tip kölgə iqtisadiyyatının aradan qaldırılmasında maraqlı olmalıyıq. Məhz bu səbəbdən hökumət ÜTT-yə üzvlüyə tələsmir" - deyə A.Nəsirli vurğuladı.