Gəncədə icra başçısına qarşı etirazlar artır

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən narazılıqlar artır. Buna səbəb isə Vəliyevin ölkənin ikinci böyük şəhərində az qala «xanlıq» yaratması və özünü qeyd-şərtsiz sahibi mütləq kimi aparmasıdır.

Elmar Vəliyev 5 il əvvəl - 2011-ci ildə hazırki postuna təyin edilib, bundan sonra Gəncədə genişmiqyaslı təmizləmə əməliyyatına start verib. Belə ki, o, şəhərdə ən müxtəlif vəzifəli şəxslərdən özünə sözsüz itaət tələb edib, bu mümkün olmayanda isə həmin şəxslərlə açıq konfliktə girib və onların müxtəlif yollarla vəzifələrindən kənarlaşdırılmasına nail olub.Məsələn, şəhər polis idarəsinin sabiq rəisi olmuş mərhum Rasim Musayevlə icra başçısı arasında dəfələrlə ixtilaf yaşanması, nəticədə Musayevin Gəncədəki postundan uzaqlaşmağa qərar verməsi və Bakıya gəlməsi barədə məlumatlar vaxtilə KİV səhifələrindən düşmür, əksər vaxtlarda isə təkzib edilmirdi.

Elmar Vəliyevin Gəncə Dövlət Universitetinin sabiq rektoru - Yadigar Əliyevlə də arasının qısa vaxtda pisləşdiyi, nəticədə onun da tutduğu vəzifədən kənarlaşdırıldığı məlumdur.

Gəncənin icra başçısının konfliktdə olduğu başqa bir tanınmış fiqur isə şəhərdəki məşhur İmamzadə məscidinin axundu Hacı Tahir Abbaszadədir. İndiyədək onlar arasında dəfələrlə ciddi qalmaqallar yaşanıb, bu qalmaqallar zaman-zaman mərkəzi mətbuatın səhifələrinə çıxıb və əksər vaxtlarda təkzib olunmayıb. Bir neçə gün əvvəl isə axundla icra başçısı arasında gərginliyin daha da kəskinləşdiyinə dair məlumatlar yayılıb. İddialara görə, bundan sonra hətta Hacı Tahir Abbaszadənin səhhətində ciddi problemlər ortaya çıxıb, onun indi müalicə məqsədi ilə Bakıda olduğu da gələn məlumatlar arasındadır.

Elmar Vəliyevin ixtilafda olduğu və karyera mənasında sonuna çıxmağı bacardığı şəxslərdən biri də Ramiz Məmmədov olub. Ləğv edilmiş Müəllimlər İnstitutunun Gəncə filialının direktoru postunu tutan Məmmədov bir müddət Vəliyevə qarşı müqavimət göstərsə də üç il öncə - 2013-cü ilin dekabrında «ağ bayraq» qaldırmalı oldu. Təhsil nazirinin əmri ilə vəzifəsindən kənarlaşdırılan keçmiş filial direktorunun sərvətinin böyük hissəsinə əl qoyulduğuna dair də məlumatlar var.Yuxarıda sadalananlar Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hazırkı postu tutduğu beş il müddətində münaqişə yaşadığı və yaşamağa davam etdiyi vəzifəli şəxslərin bir qismidir. Onun ölkənin ikinci böyük şəhərinin bir çox tanınmış simaları ilə «soyuq savaşı» artıq adət halını alıb.Elmar Vəliyevin fəaliyyətindəki neqativ məqamlar yalnız bunlarla kifayətlənmir. Şəhər əhalisi də yerli icra başçısının fəaliyyətindən kəskin narazıdır.Yerli rəhbərlik Gəncəni zahiri abadlaşdırmaqdan, onu kosmetik gözəlləşdirməkdən başqa demək olar, heç bir ciddi işlə məşğul deyil. Elə bu səbəbdəndir ki, gəncəlilərin böyük bir qismi işsizlikdən, ölkənin ikinci böyük şəhərinin adına və potensialına layiq müəssisələrin, iş yerlərinin açılmamasından narazıdır.Bundan başqa, Gəncədə biznes mühiti də ürək açan deyil. 

Yerli iş adamları hər an bizneslərinin əllərindən alınacağından narahatdırlar. Bundan başqa, Gəncədə sahibkarlıq fəaliyyətinə başlamaq üçün ciddi və süni əngəllər mövcuddur, bu əngəlləri isə ancaq və ancaq Elmar Vəliyevə yaxın olmaqla aşmaq olar.İcra başçısı və yaxınları son beş ildə Gəncədə inanılmaz dərəcədə böyük biznes imperiyası qurublar. Sözügedən müddətdə hətta bir çox vəzifəli şəxslərin obyektlərinə dəyərindən qat-qat aşağı qiymətə əl qoyulması da adiləşib. Məsələn, Vəliyevlə konfliktdə olmuş ləğv edilən Müəllimlər İnstitutunun Gəncə filialının sabiq direktorunun 1,5 milyon manatlıq obyekti real qiymətindən xeyli ucuza - deyilənə görə, 100 min manata məcburi şəkildə əlindən alınıb.

Bütün bu baş verənlər artıq Gəncədə yerli rəhbərlikdən narazılığı son həddə çatdırıb. Şəhərdəki qaynaqlardan əldə etdiyimiz məlumata görə, belə davam edərsə, yaxın müddətdə Bakıda Elmar Vəliyevin fəaliyyətindən narazı olanların mətbuat konfransları keçirməsi, ölkə rəhbərliyinə ifşaedici məzmunlu şikayət məktubları göndərməsi qaçılmaz olacaq. Belədə isə çox keçmədən ölkənin ikinci böyük şəhərinə yeni icra başçısı təyin edilməsi zərurətinin meydana çıxacağı şübhə doğurmur.

Elvin Rüstəmov