Ən qədim zamanlardan zinət əşyaları insanların həyatında önəmli bir yerə sahib olub. Zaman keçdikcə bu əşyaların dəyəri artıb, bununla əlaqədar insanlarda həmin əşyaları ələ keçirmək, daha da varlanmaq ehtirası baş qaldırıb. Əvvəllər zinət əşyalarından yalnızca qadınlar istifadə etsələr də, günümüzdə kişilər də onlara az maraq göstərmirlər. Bəs kişilərin zinət əşyaları taxmasına İslam dininin münasibəti necədir?

İlahiyyatçı Bəhruz Camal deyir ki, İslam şəriətinə əsasən kişinin qızıl əşyaları taxması haram hesab olunur. Bunun müəyyən səbəbləri var: "Səbəblərdən biri qızılın zinət hesab olunmasıdır ki, kişilərdə özlərini başqalarından seçmək və üstün tutmaq kimi hisləri oyadır. Qızıl zinət olması baxımından qadınların istifadə etməsi isə icazəlidir. O da yalnız öz məhrəmlərinin (ərlərinin) yanında. Lakin başqa bir nüans isə qızılın tərkibindəki metalın qan dövranını intensivləşdirməsi və daha sürətlə dövr eləməsinə səbəb olaraq kişilərdə ehtiras və şəhvət hissini artırır ki, bu da müəyyən mənada insanı günaha sürükləyə bilər.

B. Camal qeyd etdi ki, Allahın gördüyü hər bir işdə müəyyən bir hikmət var:"Allahın halal və haramları hər hansısa bir hikmətə əsaslanaraq mütləq şəkildə insanın xeyrinə və kamalına xidmət edir. Bu baxımdan da bəzi şəri hökmlərin hikməti və fəlsəfəsi bizə tam aydın olmasa da Allahın əbəs və faydasız işi əmr etməməsini bildiyimiz üçün bunu qəbul edirik.

Fəlsəfə doktoru, ziyalı Müşfiq Şükürov isə bildirdi ki, heç zaman qızıl və ya gümüş heç nə taxmayıb. O, bunu bir sıra səbəblərlə əsaslandırır: "O əşyanın da gərək qulluğunu edəsən. Əllərini yuyanda gərək çıxarasan, sonra isə harda qoyduğunu unutmayasan. Həyatımıza daxil olan hər kiçik əşya belə səni bir az qula çevirir. Amma məsələn, Müslüm Maqomayevin barmağında həmişə İran şahının hədiyyəsi olan iri qızıl üzük olardı. Sovet dövründə bu Müslümün azadlığını və bənzərsizliyini göstərirdi və yaxşı idi. Adamına baxır. Taxdığı dəyərli bəzəklə öyünən insan bütün hallarda çirkinlik yayır. Yadigar olaraq daşıyanlar istisnadır. Lakin adamların ürəklərindəkini bir Allah bilir, bir də adamın özü. Ona görə də bu məsələdə heç kimi mühakimə etmirəm.