Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu qeyd edib. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib: "Güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Ermənistan müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürüdür".