Azərbaycan Ermənistan prezidentinin "qaynar xətt" təklifini əlində rəhbər tutaraq bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməlidir.

Unikal.org xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.



E.Şahinoğlu qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt"in yaradılması təşəbbüsü ilə çıxış edib: "Onun sözlərinə görə, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar. Ermənistan prezidenti yaxın tarixə də müraciət edir: "1990-cı illərin əvvəllərində mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur".

Sərkisyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan ordusunun nəzarəti altında olmasının etirafı deyilmi? Çünki söhbət Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsin pozulmasından gedirsə, Bakıdan kimsə niyə İrəvana telefon açmalıdır? Bu vaxta qədər "bu məsələni Dağlıq Qarabağ separatçılarının lideri ilə müzakirə edin" deyən Sarkisyan deyildimi? Sarkisyanın bu "qaynar xətt" təklifini əlimizdə rəhbər tutaraq bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməliyik".



Təklifin mahiyyətinə gəlincə, politoloqun fikrincə, "qaynar xətt"i Azərbaycan-Ermənistan sərhədi boyu həyata keçirmək mümkündür: "Çünki bizim Ermənistana hücum etmək planımız yoxdur. Ancaq Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar üzrə "qaynar xətt" bizim maraqlarımıza cavab vermir. Belə çıxır ki, biz məsələn Ağdam və Füzulini işğaldan azad etmək məqsədilə hücuma keçsək, İrəvanla "telefon əlaqəsi qurmalıyıq". İrəvan belə "qaynar xətt" həvəskarıdırsa, münaqişənin mərhələli həlli məqsədilə Bakıya müraciət etsin və bundan sonra həqiqətən birbaşa rabitə qurula bilər. Bu olmayana qədər isə Sarkisyanın belə "təklifləri" sadəcə vaxtı uzatmaq məqsədi daşıyacaq".