"Serj Sarkisyan, yetər! Məğlubiyyətdən, qaçmaqdan, səfalətdən bezmişik

Cari ilin aprelində cəbhədə məlum hadisələrdən sonra Azərbaycan Ordusunun gücünə bir daha şahidlik edən işğalçı ölkə üçün indi ən böyük kabus analoji hadisələrin yenidən təkrarlana biləcəyidir. Elə bu səbəbdəndir ki, xarici hamilərinə əvvəlkindən daha çox sığınan ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki, düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal altındakı ərazilərini lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan edib.

Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbçilərlə görüşündə Prezident İlham Əliyev bunu növbəti dəfə açıq bəyan etdi. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, ölkəmizin hərbi potensialı gündən-günə güclənir və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Nəticə etibarilə ordumuzun döyüş qabiliyyəti, peşəkarlığı artır. Təbii ki, bu ordu ilə qarşılaşacağı təqdirdə, ermənilər məğlubiyyətlərinin mütləq olacağını da yaxşı bilirlər. Ermənilərdən fərqli olaraq Azərbaycan gəncində, əsgərində vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən yüksək səviyyədədir. Bunun real təsdiqi məlum aprel döyüşlərində özünü qabarıq büruzə verdi. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır.

Ali Baş Komandan İlham Əliyevin Lələtəpədən verdiyi mesajlar ermənilərdə yeni şok effekti yaradıb. İndi bu ölkənin mediası, ekspertləri həyəcan təbili çalır ki, Azərbaycan istənilən an yeni müharibəyə başlaya bilər. Sosial şəbəkələrdə ermənilər bu xüsusda müxtəlif şərhlər paylaşırlar. Burada açıq qeyd olunur ki, Azərbaycan aprel dərslərini istənilən vaxt təkrarlaya bilər və İlham Əliyev Lələtəpədə hərbçilərlə görüşdə bunu açıq bəyan etdi.
Sosial şəbəkə istifadəçilərindən biri hətta yazır ki, cəbhədə erməniləri yeni itkilər gözləyir və Azərbaycan Prezidenti ordunun buna hazır olduğuna dair erməniləri açıq xəbərdar etdi. Qeyd olunur ki, yaxın tezlikdə Ermənistana yeni əsgər nəşlərinin gətirilməsi bu fonda tamamilə gözləniləndir.
Digər istifadəçi isə İlham Əliyevin Lələtəpəyə gəlişinin ermənilər üçün yaxşı heç nə vəd etmədiyini yazır: "Ümumiyyətlə, Azərbaycan Prezidentinin Lələtəpəyə getməsi ermənilərdə böyük qorxu yaradıb.
Sosial şəbəkə istifadəçilərindən Şaqen Martirosyan adlı bir nəfərin şərhi isə xüsusilə diqqət çəkib: "Aprel döyüşlərindən əvvəl Ermənistanın rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Biz erməni gəncləri boş yerə ölmək istəmirik.

Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə "twitterdə belə bir status paylaşıb: "Serj Sarkisyan, yetər artıq! Azərbaycan əsgəri qarşısında duruş gətirməyib erməni əsgərlərinin səngərlərdən silahlarını qoyub qaçmalarını görməkdən, orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən, səfalətdən təngə gəlmişik.

Xaricdə yaşayan ermənilərdən biri isə "facebook sosial şəbəkəsində prezident Serj Sarkisyanın apreldə baş verənlərdən sonra istefaya getməyinin vacib olduğunu yazıb: "Apreldə ordumuz ağır məğlubiyyət aldı və Azərbaycan uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri tutdu. Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər qaytarılıb. Onlar itkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Serj Sarkisyan dərhal hakimiyyətdən getməlidir. Onun rəhbərliyi altında ölkəni daha böyük uçurumlar gözləyir. Müharibə başlasa, bu Ermənistanın növbəti böyük məğlubiyyəti deməkdir.

Erməni ekspert David Apinyan isə deyib ki, gözlənilməz müharibə hər an başlaya bilər: "Azərbaycanın hərbi təlimləri təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var.

Azərbaycan Ordusunun təlimləri fonunda Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun Ermənistanda söylədiyi fikirlər də diqqət çəkir. Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Rıjkov "Rusiya Azərbaycana niyə silah satır sualına cavabında bunun köhnə sual olduğunu vurğulayıb: "Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu problemlər aradan qalxacaq.

Bu xəbərdarlıqlar əslində, düşmən ölkədə böyük qorxuya səbəb olub. Çünki ermənilər artıq Azərbaycanın ərazilərini azad etməsində nə qədər qətiyyətli olduğunu bir daha görür. Özü də bu açıqlamalar Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə başladığı dövrə təsadüf edir. Elə bu təlimlər də Ermənistanda ciddi qorxulara səbəb olub.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb. Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Beləliklə, Ermənistana açıq mesajlar verilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tezləşdirilməlidir. Əks halda düşmən Azərbaycan Ordusunun yeni və sərt zərbələrinə tuş gələcək. Bu isə ərazilərimizdə olan işğalçı ölkə üçün əsl dəhşət deməkdir.


"Azərbaycan