Məlum olduğu kimi, bir neçə gün öncə Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram proqramının çəkilişlərindən birinin görüntüsünü yaymışdı. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir.

Unikal.org-un məlumatına görə, həmin görüntülər yayımlayarkən verilişin qəhrəmanı ilə əlaqə yaratmaq mümkün olmasa da, bu xəbərlərdən sonra səhnəyə xərəkdə çıxarılan Saməddin adlı şəxs, eləcə də çəkilişdə iştirak edən bacısı Nəcibə xanım Meydan TV ilə əlaqə yaradıblar.

Əslən Goranboy rayonundan olan, 40 il Rusiyada yaşayan Saməddin kişi deyib ki, təyyarədən birbaşa çəkiliş meydanına gətirilib. Həmin vaxt o, efirə uyğun formada olmadığı üçün xərəkdə çıxarılıb. Verilişin qəhrəmanı ona iynə vurulmadığını, xərəyə bağlanmadığını söyləyib.

Nəcibə xanım da əvvəlcədən məlumatlı olduğunu, onların razılığı ilə qardaşının efirə xərəkdə çıxarıldığını bildirir.

O, qardaşının axtarışı üçün 2011-ci ildə "Səni axtarırama müraciət edib. Çəkilişdən 6 ay öncə isə onlara zəng edilib, teleqram vurularaq sənədlərin hazırlanması ilə bağlı məlumat verilib. Bundan sonra çəkiliş baş tutub.

Xatırladaq ki, daha öncə yayılan görüntülərdən belə bəlli olurdu ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir.