Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

Azərbaycan prezidenti görüşün gedişində Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev ilə maraqlı fikir mübadiləsi aparıb.

Unikal.org president.az-a istinadən onların arasında olan dialoqu təqdim edir.

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev:Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?

Prezident İlham Əliyev: Hansılarını deyirsiniz?

Maksim Minçev:Bir çox binalar var, onlar boşdur.

Prezident İlham Əliyev:Xeyr, mən belə hesab etmirəm. Çünki mən bilmirəm siz hansı binaları nəzərdə tutursunuz. Lakin onların əksəriyyəti fəaliyyət göstərir. Qeyd etdiyim kimi, Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz. Bunlar otellər, ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət göstərir. Avropa Oyunları ərəfəsində yenidən qurduğumuz və inşa etdiyimiz idman qurğularına gəldikdə isə onlar fəaliyyət göstərir. Məsələn, bizim Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada futbol oyunları keçirilir. Avropa Oyunları ərəfəsində inşa olunmuş Su İdmanı Sarayı və başqaları da fəaliyyətdədir. Azərbaycan çox məşhur idman ölkəsidir. Bizim çox yaxşı nəticələrimiz var. Yeri gəlmişkən, Avropa Oyunlarında Azərbaycan yığmasının medal sayına görə ikinci yerə çıxması ölkəmizin Oyunlara ev sahibliyi etməsi ilə bağlı deyildi. Düşünürəm ki, Rio Yay Olimpiya Oyunları bunu bir daha göstərdi. Biz Olimpiya Oyunlarında 18 medal qazandıq və Olimpiya Oyunlarında iştirak edən bütün ölkələr sırasında medal sayına görə 14-cü yerdə qərarlaşmışdıq. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiyadan sonra 2-ci, müsəlman dünyasında 1-ci yerdə idik. Sizin Bakıda gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir, eləcə də digərləri. Mən hər bir konkret bina haqqında danışa bilmərəm, çünki sizin hansı binanı nəzərdə tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti fəaliyyətdədir. Onların bəziləri inşa olunmaqdadır.