"2015-ci lin avqust ayında Gəncədə abadlıq işləri ilə əlaqədar olaraq 20 ildən çox yaşadığım 110 kvadrat metr sahəsi olan evim heç bir məhkəmə qərarı olmadan söküldü. Mənə evimin dəyərindən aşağı məbləğdə belə heç bir kompensasiya verilmədi.

Bu fikirləri Unikal.org-a Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən şikayətçi, ixtisasca tarix müəllimi olan Əhmədov Qalib Hamlet oğlu deyib. O, bildirib ki, hazırda Gəncədə Fikrət Əmirov küçəsində təmirsiz, bərbad vəziyyətdə olan yataqxanada ağır şəraitdə yaşayır: "Mənə kompensasiya ödəniləcəyini söz verdilər. Bir müddət sonra gəlib 3 saat içərisində evimi yerlə-yeksan etdilər. Əşyalarımı belə özüm çıxara bilmədim və bir hissəsi yararsız hala düşdü. Məni bərbad vəziyyətdə, şəraiti olmayan bir yataqxanaya yerləşdirdilər. Hazırda oranın istiliyi belə yoxdur. Yataqxanının qazını kəsiblər. Ailəlikcə olduqca ağır durumdayıq.

Q.Əhmədovun qeyd edib ki, problemi ilə bağlı Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbulunda da olub: "Başçı məni qəbul etdi. Problemimi danışdım. Dedim, qızım İqtisad Universitetinin birinci kursunda oxuyur. Özüm işləmirəm. Övladımın təhsil haqqını ödəmək imkanım yoxdur. Elmar Vəliyev qızımın təhsil haqqını ödəniləcyi ilə bağlı göstəriş verəcəyini dedi. Birinci ilin təhsil haqqını ödədilər. Qızımı İcra Hakimiyyətinə işə götürdülər. 6 ay işə gedib gəldi. 1 manat belə əmək haqqı vermədilər. Axırda da işdən çıxardılar. Sonrakı illərinin də təhsil haqqını ödəmədilər. Qızım bundan çox sarsıntı keçirdi. Ailəmizin maddi durumu olduqca ağırdır.

Əlacsız vəziyyətdə qalan müsahibimiz ailəsi ilə birgə intihar edəcəyini vurğulayıb: "Ölkə başçısı cənab İlham Əliyevdən kömək istəyirəm. Artıq, hansı ünvana üz tutacağımı bilmirəm. Elmar Vəliyev xanımımı və uşaqlarımı xəstə edib, məni pərişan hala salıb. 6 ay övladımı icra hakimiyyətində işlədib, əmək haqqını verməyib. Məni polislə hədələyərək, susmağım üçün tutduracağını deyir. Ailəmin və övladlarımın yanında məyus və gücsüz vəziyyətə düşmüşəm. Mən və ailə üzvlərim Elmar Vəliyev zülmündən xilas olmaq üçün özümüzü yandıracağıq. Artıq həyatımızdan bezmişik.