Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

Unikal.org qəbulda media rəhbərləri və prezident İlham Əliyev arasında olan maraqlı dialoqu təqdim edir:

Klayv Marşal:Cənab Prezident, iclasa yekun vurmaq üçün TASS agentliyinin baş direktoru Sergey Mixaylova söz verməzdən əvvəl mən Sizə imkan yaratmaq istəyirəm. Burada dünyanın hər yerindən insanlar var - Cibuti, Meksika, Koreya, Avstraliya, ABŞ, Kanada və Rumıniyadan. Sizin bizə vermək istədiyiniz sual varmı?

Prezident İlham Əliyev:Fikirləşirəm ki, verəcəyim sual hamımız, xüsusilə də jurnalistlər üçündür. Bu sual ABŞ-dakı son prezident seçkiləri ilə bağlıdır. ABŞ-ın bütün aparıcı qəzetləri, o cümlədən "Vaşinqton Post, "Nyu-York Tayms, xəbər agentlikləri və başqaları xanım Klintonun qələbəsini proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın bu məsələni necə işıqlandırması bizə məlumdur. Lakin nə baş verdi? Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi siyasi motivasiya daşıyırdı? Seçkilərin mətbuatda işıqlandırılmasına müəyyən göstərişlər verilməsi ilə bağlı siyasi müdaxilə var idimi? Yoxsa həmin mətbu orqanlar proqnozda çox böyük yanlışlığa yol verdilər və müəyyən mənada onlara olan etimadı itirdilər. Təbii ki, ABŞ-ın burada iştirak edən nümayəndəsi bu sualı birinci cavablandıra bilər.

Associated Press agentliyinin vitse-prezidentiCon Danişevski:Fikrimcə, bu, müəyyən dərəcədə sübut edir ki, bu, demokratiyadır və insanlar seçki məntəqəsinə gedərək öz seçimlərini edirlər. Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək. ABŞ-da doğrudan da seçkilər keçirilərkən bilmirsən kim qalib gələcək və seçkilərin nəticələri bəzi xəbər agentliklərini çaş-baş saldı. Bir çox agentliklərin xəbərləri diqqəti latın amerikalılarının, afroamerikalıların səs verdiyi bəzi ştatlara yönəltmişdi və onlar görmədilər ki, Tramp qalib gələcək. Onlar görmürdülər ki, iqtisadi cəhətdən çətinlik çəkən təbəqələr Trampa səs verəcək. Lakin deyə bilərəm ki, hər hansı bir namizədi dəstəkləmək və ya ona ziyan vurmaqla bağlı heç bir xüsusi səbəb yox idi. Tam əksinə, ədalətli qaydada, mübahisəli bir mühitdə işıqlandırmağa çalışırdılar. Misal üçün, bir gün Associated Press Klinton haqqında tənqidi yazı dərc etmişdi və biz Trampı dəstəkləyənlərdən xeyli cavablar almışdıq. Ertəsi gün Tramp haqqında tənqidi yazı yazdıqda eyni axın Klintonun tərəfdarlarından daxil olmuşdu. Fikrimcə, bu, hamı üçün gözlənilməz oldu. Bəlkə də sorğu məlumatlarına həddən artıq etibar edirdik və onların etibarsız olduğu ortaya çıxdı. Lakin siyasi nəzarət yox idi.

Jose Antonio Vera Gil:Cənab Prezident, mən İspaniyanın EFE xəbər agentliyinin prezidentiyəm. Sizin Tramp haqqındakı şəxsi fikrinizi öyrənmək istərdim.

Prezident İlham Əliyev:Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir.