Noyabrın ikinci ongünlüyündə temperaturun mənfi olması bu dövr üçün xarakterik deyil.

Unikal.org-un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, yalnız dekabrın 10-dan sonra Bakıda mənfi temperaturlar müşahidə oluna bilər. Onun sözlərinə görə, noyabrın 23-24-də havanın temperaturunun 0-4 dərəcə şaxta olması qeyri-adi haldır.

M. Həsənov vurğulayıb ki, noyabrın sonlarında havanın normal temperaturu 2-3 dərəcə isti ola bilər: "Mənfi temperatur şimal rayonlarında - Şəki, Zaqatala və digərlərində mümkündür, ancaq Bakı üçün normal deyil. Havanın temperaturunun mənfi olması üçün ölkə ərazisinə kəskin arktik hava kütləsi daxil olmalı və bir neçə gün davam etməlidir. Bunun nəticəsində 4-5 dərəcə şaxta ola bilər. Amma bu gün ölkədə şimal-qərb hava kütləsi hökm sürür və bu hava kütləsinə uyğun olaraq havanın temperaturu 2-3 dərəcə isti olmalıdır. Axşamdan hava kəskin dəyişsə belə, yaxın iki gündə -4 dərəcə şaxtanın olması ehtimalı yoxdur.