Tarif Şurası (TŞ) hazırda qurumda baxılan məsələlərin siyahısını açıqlayıb. 

Unikal.org-un məlumatına görə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a deyib ki, hazırda Tarif Şurasında iki məsələyə baxılır. Onlardan biri Nazirlər Kabinetinin son qərarı ilə bağlıdır:
"Nazirlər Kabinetinin Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik etməsilə bağlı məsələyə baxılır. Tarif Şurası öz qərarını Nazirlər Kabinetinin qərarına uyğunlaşdırır.
Qurum rəsmisi eyni zamanda deyib ki, dövlət tərəfindən yeni qeydə alınmış vasitələrinin qiymətlərinin tənzimlənməsi də müzakirə mövzusudur.
Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək. Beləliklə, yaxın vaxtlarda isti suyun qiyməti rəsmən bahalaşacaq...
Qeyd edək ki, indiyə qədər isti suyun qiymətinin tənzimlənməsini Tarif Şurası həyata keçirirdi. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarına əsasən, isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.