"Baxın, azərbaycanlılar bizi hədəfə alıblar. Xristian olduğumuza görə bizi vurur, atəşə tutur, bombalayırlar. Çünki onlar müsəlman, biz xristianıq. Azərbaycan bizim varlığımızı istəmir".

Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər naziri" kimi təqdim olunan Karen Mirzoyan belə deyir.

Daha sonra kamera Talış kəndinigöstərir və kənd sakini, erməni Vilen Petrosyan, keşiş Samvel Mkrtıçyan, Ermənistanın AŞPA-dakı deputatı Samvel Farmanyan, daha sonra başqa "yan"lar danışırlar.

Səbəblər və absurd nəticələr

Hər şey ötən il başladı. Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlananreportajları ilə tanınan 62 yaşlı italyan jurnalist Milena Qabanelli "Corriere della Sera" qəzetində Azərbaycanın aqressiv şəkildə ittiham olunduğu məqaləsini dərc etdi.

Həmin məqalənin leytmotivi rəsmi Bakının guya öz maraqlarını Avropa Şurasında və AŞPA-da "qeyri-etik, qanunsuz yollarla müdafiə etməsi, lobbinqlə məşğul olması" barədə iddialar idi.

Qabanelli yazırdı ki, sən demə, 2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda insan haqları ilə bağlı qətnamə səsə qoyulanda (həmin sənəddə Azərbaycanda guya 85 siyasi məhbusun olduğu iddia edilirdi) sənədin qəbul olunmamasının başlıca səbəbi bəzi deputatların mövqeləri olub.

Xatırladaq ki, həmin müzakirələrin sonucunda qətnamə layihəsinin lehinə 79, əleyhinə 128 deputat səs vermişdi. Nəticədə layihə "gerçəkliyə uyğun olmayan" kimi rədd olunmuşdu.

Qabanelli isə aşkar və həyasızcasına Avropa Xalq Partiyasının (AXP) rəhbərliyini, xüsusilə də bu partiyanın AŞPA-dakı fraksiyasının mənsublarını "Azərbaycanın maraqlarını müdafiə etməkdə, Bakıya satılmaq"da suçlamışdı.

AXP-nin 73 kollektiv üzvü var ki, onların arasında 39 ölkədən olan siyasi partiyalar da var.

M.Qabanelli onu da yazırdı ki, AXP-nin AŞPA-dakı siyasi qrupunun fəxri prezidenti, İtaliya parlamentinin sabiq deputatı Luka Cüzeppe Volonte, sən demə, "Bakının adamı"dır: "Məhz onun səyləri nəticəsində Azərbaycandakı siyasi məhbuslar barədə qətnamə AŞPA-da qəbul olunmadı".

Rəsmi Roma, İtaliyanın hakimiyyət dairələri isə əla bilirlər ki, Luka Volonteyə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalan, əsassız olmaqla yanaşı, son vaxtlar Azərbaycana qarşı başlanmış primitiv, çirkin kampaniyanın tərkib hisssəsidir.

İtalyan siyasətçilər onu da dərk edirlər ki,M.Qabanellinin Azərbaycanla bağlı "araşdırma"lara başlaması ilə onun Ermənistandan qayıtması arasında çox qısa zaman kəsiyinin olması təsadüfi deyil.

"Report" proqramı Ermənistandan Dağlıq Qarabağa yollanıb, Xankəndidə separatçı rejimin nümayəndələri və rəhbərləri ilə görüşüb.

Necə ki, 62 yaşlı sinyora Qabanellinin Fransa, İtaliya, Almaniya, İspaniya və Yunanıstandakı erməni diaspor təşkilatlarının rəhbərləri ilə ifrat dərəcədə sıx təmasları heç təsadüfi deyil.

Ermənilərin Azərbaycana qarşı belə çirkin kampaniyalarının bitməyəcəyini anlayırıq.

Düşmənimizin iftiradan, qarayaxmadan savayı yolu qalmayıb və bu, məlum.

Di gəl, M.Qabanelli yalnız həqiqəti danışdığını deyir, Azərbaycanı cəzalandırmağı tələb edir. Özü də mümkün qədər qısa müddətdə, mümkün qədər ağır sanksiyalarla.

O, Roma ilə Bakı arasındakı çox sıx siyasi, iqtisadi, ticari əlaqələrin varlığını, Azərbaycanla münasibətlərin sürətli inkişafında İtaliyanın maraqlı olduğunu da başa düşmək istəmir.

Yalan və məkr qorxaqlarla axmaqların sığınacağıdır

Bütün insanlar səmimi doğulur, amma bəziləri yalançı kimi yaşayıb, yalançı kimi ölürlər. O da var ki, usta yalançının əla yaddaşı olmalıdır, əks halda onu faş, biabır edəcəklər.

Buna rəğmən, məntiq qanunlarına meydan oxuyan, öz alçaq, yaramaz məqsədlərini ictimai sifariş, vətəndaşların tələbləri, insan haqları uğrunda mübarizə kimi qələmə verənlər də var. Belə yalançıların dediklərinə görə, onlar qanunsuzluq, başıpozuqluqdan qorunmaq istəyən, amma buna imkanı olmayan adamların adlarından danışırlar.

Lakin bəsit yalan, aşkar primitivlik və ən pisi - bir neçə sahibə eyni vaxtda xidmət etmək kuklaların kölgədə oyunlarına çevrilir.

Qədim İtaliyanın tarixində dahi yalançılar, möhtəşəm saxtakarlar, siyasət dəllalları, intriqa və məkr ustaları olub. Onlar adlarını siyasət xalçasına xəyanət, saxtakarlıq, yalan və satqınlıq naxışları ilə toxuyublar.

Qoca Roma, bu Əbədi Şəhər bir zamanlar Roma İmperiyasının senatorlarını, imperatorlarını, tribunlarını unutmadığı kimi, Benito Mussolininin hakimiyyətə gəlişini təmin etmiş əclafları da yadda saxlayıb.

Belələrindən biri Mussolini dönəmində mətbuat və təbliğat naziri olmuş Dino Alfieri idi. O Alfieri ki, həmişə "sizə həqiqəti danışacağam" deyir, amma yalanları sıralayırdı.

İtalyanların nifrət etdikləri Alfieri 1966-cı ildə Milanda öldü, amma son aylarda İtaliyada onun adı yenə gündəmə gəlib.

İş ondadır ki, özünü ölkənin ən məşhur jurnalisti sayan Milena Qabanellini hazırda Alfieri ilə müqayisə edirlər.

O da eynən Alfieri təki utanmadan, çəkinmədən yalan danışır və eyni vaxtda bir neçə sahibə xidmət edir.

"Corriere della Sera" qəzetinin köşə yazarı və reportyorunu, habelə İtaliyanın RAİ 3 telekanalındakı "Report" proqramının müəllifi Milena Qabanellini "yubkalı Alfieri" adlandırırlar.

"Report"un dünənki buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut etdi.

Proqramda M.Qabanelli Luka Volonteyə qarşı məhkəmə prosesindən danışandan sonra sevimli mövzusuna keçib. Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyətibarədə paroksizm həddinə çatan yalanlardan sonra jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları üzrə ombudsmeni Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emiliano ekranda bir-birlərini sıraladılar.

Bəli, tanış simalardır.

Özünü ölkə mediasının Janna D-Arkı hesab edən X.İsmayıl, çoxdan siyasi kunst-kamerada yer alan Əli Kərimli həmişəki ampluada idilər: onlar "Azərbaycandakı siyasi məhbuslar" barədə dəfələrlə təkrarlanmaqdan klişeyə dönən, mantraya çevrilən ifadələri səsləndirdilər.

Azərbaycandakı "köçəri" müxalifətin, habelə "demokratiya fədailəri"nin dostu sayılan Kristof Ştrasserə gəldikdə isə, bu insanın ümumiyyətləinsan haqlarından danışmağa haqqı yoxdur. Nədən ki, bu insan 1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında yer alır.

Apuliyanın rəhbəri Mikele Emiliano isə Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Transadriatik boru kəməri (Trans Adriatic Pipeline, TAP) layihəsinə qarşı isterik çıxışları, "zeytun ağacları məhv olacaq bu boru çəkilsə" təki marazmları ilə tanınır.

M.Qabanellinin proqramında TAP da hədəfə alınmışdı. Guya yerli "ekoloji lobbi"nin nümayəndələrini danışdıran aparıcı anlamaq istəmirdi ki, TAP qonşu Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyanın özündə minlərlə yeni iş yeri yaradacaq. TAP-ın Apuliya regionunun ekologiyasına və landşaftına ziyan vuracağı barədə iddialarsa yalandır.

Daha sonra M.Qabanelli Vatikanla Bakı arasındakı əlaqələri tənqid etdi, Roma Papasını "reallıqları görməmək"də suçladı.

Beləliklə, "Report"...

M.Qabanelli bütün bunlardan sonra tamaşaçılara "Dağlıq Qarabağ ermənilərinin həyatı barədə" reportaj təklif edib və deyib: "Bizə göstərdikləri köməyə və xüsusilə də təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim".

Guya hadisə yerində obyektiv və qərəzsiz informasiya almaq üçün Dağlıq Qarabağa, Azərbaycanın erməni işğalında olan ərazilərinə yollanan "Report"un çəkiliş qrupu öncəqarabağlı erməni separatçılarının "XİN başçısı" Karen Mirzoyanla görüşüb.

Təbii ki, italyan jurnalistləri görəndə cuşa gələn Mirzoyan da "qəddar Azərbaycanın zəif və köməksiz ermənilərə qarşı müharibə"sindən, "dünyanın hələ də zavallı ermənilərin bəlalarına, fəlakətinə laqeyd qalmasından" danışıb.

Sonra Mirzoyan sakit səslə deyib: "Yaxşı olardı ki, İtaliya bizi dinləsin, ermənilərin problemlərini anlasın".

Daha sonra sifarişin icrası başlanır. "Report"un əməkdaşı erməni səngərlərinə yollanır, orada keşişlə "təsadüfən" qarşılaşır. O keşiş isə səsinə miskinlik çalarları verərək söyləyir: "Bilirsinizmi, bu barədə danışmaq çətindir, ağırdır. Amma həqiqət odur ki, Azərbaycan bizə qarşı yalnız xristian olduğumuz üçün vuruşur. Onlar müsəlmandırlar, biz - xristian. Baxın, o təpənin başında böyük, əsgərlərimizin tikdikləri dəmir xaçı görürsünüz?! Azərbaycanlılar fasiləsiz olaraq o xaçı atəşə tuturlar. Biz xristianların yükü budur - azadlıq və torpaq uğrunda vuruşmaq".

Sonra "Report" Ermənistan parlamentinə yollanır və orada erməni deputat, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Fərmanyan Azərbaycanı suçlayır, dübarə də "Avropa ermənilərin dərdlərinə biganədir" deyir.

Ermənilər, ermənilər, ermənilər: Ermənistanda, Dağlıq Qarabağda, Talış kəndində, səngərdə, Xankəndi küçələrində.

Azərbaycanın ittiham olunduğu, Bakının ünvanına hədyanların səsləndiyi proqramda Azərbaycanın dövlət qurumlarının mənsubları, deputatlar, siyasətçilər, ekspertlər, "demokratiya qəhrəmanı" sayılmayacaq normal, adekvat jurnalistlər belə, yoxdur.

Milena Qabanelli Dağlıq Qarabağ münaqişəsini "xristianlarla müsəlmanlar arasında konflikt" kimi qələmə verir və bununla da qərəzkarlıqda, yalanda, üstəlik islamofobiyada bir zamanlar "müsəlmanlar siçovul kimi artırlar" demiş başabəla italyan yazıçı Oriana Fallaçini də üstələyir.

Ən maraqlısı isə odur ki, Milena Qabanelli "ermənilərdən dəstək və yardım" aldığını etiraf edir.

Qabanellinin tamahkarlıq və qərəzkarlıqla ad çıxardığını xatırlasaq, həmin yardımların sadəcə, "informasiya"dan ibarət olmadığını ehtimal etmək olar.

Sinyora Qabanelli olduğu təki...

Milena Qabanelli İtaliya rəhbərliyini və Vatikanı "reallıqları" görməməkdə suçlayır.

Hansı reallıqları, sinyora Qabanelli?

Bəlkə, siz hələ də görmürsünüz ki, Azərbaycan İtaliyaya ən böyük neft satıcısıdır? Ölkələrimiz arasında əməkdaşlıqla bağlı çoxsaylı planlar var və hər iki tərəf təmasların inkişafında maraqlıdır. Söhbət ilk əvvəl 2020-ci ildə tam hazır olacaq Transadriatik boru kəmərindən gedir. 45-50 milyard dolların yatırıldığı bu layihədə İtaliyanın çoxsaylı şirkətləri də iştirak edir.

Azərbaycan Avropaya, o cümlədən İtaliyaya çox sərfəli təbi qaz təminatı variantlarını təklif edir ki, bu variantlar Xəzər hövzəsində digər mənbələr çıxışı da ehtiva edir. Üstəlik, Azərbaycan TAP layihəsinin maliyyələşdirilməsinin əksər hissəsini öz üzərinə götürüb.

Başqa bir reallıq odur ki, Milena Qabanelların prqramında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divinanın sözləri də onun müsahibəsinin kontekstindən çıxarılaraq tamaşaçılara tamamən fərqli rakursda təqdim olundu.

Milena Qabanelli Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfərini, Romada baş nazir Matteo Rensi ilə görüşünü və bu səfər əsnasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" birgə bəyannamənin imzalanmasını - halbuki bu sənəd imzalanmamışdı, qəbul olunmuşdu - xatırladı, Azərbaycana və azərbaycanlılara nifrətini gizlətməyərək hiddətlə danışdı.

Bəlkə, o reallıq ki, Roma Papası 1-ci Fransisk Bakıda səfərdə olarkən Azərbaycanı "tolerantlıq, dini dözümlülük və multikulturalizm baxımından bütün dövlətlərə örnək ola biləcək ölkə" adlandırmışdı?!

Çətin. Reallıq odur ki, Milena Qabanellinin ölkəmizin ünvanına söylədiyi hədyanlar Azərbaycanda olmayan "siyasi məhbuslar", çoxdan anabioz durumuna düşmüş ölkə müxalifəti ilə qayğılanma deyil.

Bu sinyoranın ölkəmizə nifrətini körükləyən məqamlardan biri də onun erməni işğalındakı ərazilərimizə yollandığı üçün adının XİN-in "qara siyahı"sına salınmasıdır.

Qabanelli bu il Bakıya gəlmək üçün dəfələrlə cəhd etsə də, ölkəmizçün arzuolunmaz şəxs sayıldığından niyyətləri puça çıxıb.

Belə halda adekvat jurnalist nə edir? XİN-ə müvafiq məktub yollayır, üzr istəyir, yanlışlığını etiraf edir və vəssalam, adı "qara siyahı"dan çıxarılır.

M.Qabanelli isə sahiblərinə, sifarişçilərinə və havadarlarına "xəyanət" etmək istəmədiyi üçün Azərbaycandan rəsmi qaydada üzr istəməyib.

Dünənki "Report" da M.Qabanellini "yubkalı Alfieri" sayan italyan mediasının nə qədər haqlı olduğunu göstərdi.

Milena Qabanelli ağıllı, müstəqil jurnalist olduğunu vurğulamaqla yanaşı, bu yaxınlarda prezident seçkilərinə qatılmaq fikrinə də düşmüşdü. Amma deyəsən, ağıllı adamlar ona başa salıblar ki, bu cəhdi rüsvayçılıq və biabırçılıq olacaq: Qabanelli seçkilərə qatılmayıb.

O, müstəqil və obyektiv də deyil. Hər halda Azərbaycana münasibətdə o, nifrətini və qərəzini, kimlərlə əməkdaşlıq etdiyini əsla gizlətmir.

Məsələn, ABŞ Konqresindəki insan haqları komissiyasında antiazərbaycan dinləmələrində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimliçıxış edəndə zalda erməni diasporunun 12 nümayəndəsi vardı.

Halbuki dinləmələrə qatılanların sayı vur-tut 23 nəfərdi.

Həmin ermənilər arasında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın oğlu Armen Saakyan da vardı ki, yanınla əyləşmiş Milena Qabanelliilə çox məhrəmanə, "səmimi" söhbətləşirdi.

Milena Qabanelli İtaliyada "sensasiya ovçusu", yoxlanmamış faktlara əsaslanaraq "araşdırma"lar aparan, insanların şərəf və ləyaqətini aşağılamaqdan çəkinməyən, saxtakarlıqdan usanmayan adam kimi də ad çıxarıb. Elə bu səbəbdən İtaliyanın müxtəlif məhkəmələrində mənəvi təzminat tələbi ilə ona qarşı qaldırılmış mülki iddialarında Qabanellidən istənilən məbləğin ümumi həcmi 300 milyon avronu keçib.

"Report"un müəllifi və aparıcısının çirkabı çox sevdiyini nəzərə alsaq, həmin məbləğin artacağı şübhə doğurmur.

... Hər hansı mənəvi prinsipləri olmayan aparıcı, pedofiliya və uşaqbazlıq tərəfdarı, psevdomüstəqil azərbaycanlı jurnalist, özünü bütün Azərbaycan müxalifətinin lideri sayan siyasi uğursuz, apuliyalı ekologiya dəllalı, qarabağlı erməni separatçıları və terrorçular - bu adamlar "Report"da Azərbaycanı suçlamağa, ittiham etməyə çalışdılar.

Aşkar görünür ki, Qabanellinin verilişi erməni lobbisinin, onun Azərbaycanın daxilində və xaricində maliyyələşdirdiyi "5-ci kolon"un, habelə Azərbaycanın İtaliya ilə birgə həyata keçirdiyi birgə enerji layihələrinin əleyhdarlarının birgə fəaliyyətinin məhsuludur.

Gerçəkdən də, bəzən ikiüzlülər sifətdən bir-birlərinə nə qədər bənzəyir...