İnsanlar mühüm bir şeyin haqq olmasını çatdırmaq üçün and içir. Bu zaman yalnız qədir-qiymətli şəxslərə və ya əşyalara and içilir. Hətta bizə doğma olan şəxslərin, məsələn "Anamın əziz canı, "Balamın canı üçün, eləcə də "Çörək haqqı, "Quran haqqı , "Seyidin cəddi haqqı deyə deyə and içirik. Artıq cəmiyyətimizdə bu kimi andlar demək olar adi xarakter almağa başlayıb.

Görəsən İslam dinində and içmək necə qəbul edilir? And içmək olarsa, nəyə and içmək qəbul ediləndir?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov unikal.org-a deyir ki, Allahdan başqa heç nəyə and içmək olmaz. İslam dininə görə Allahdan başqa nəyəsə and içmək düzgün deyil:"Bu keçərli deyil, batil sayılır. Məhəmməd peyğəmbərin hədislərində buyurulur ki, atanızın, ananızın canına and içməyin. Və peyğəmbərimiz ata-ananın canına and içməyi qadağan edib. Allahdan başqa bir şeyə and içməyin.

Ə. Həsənov fikrini belə əsaslandırır:"Çünki Allahdan başqa nəyəsə and içmək and içdiyini ilahiləşdirmək deməkdir. O, şəxsi, piri ilahiləşdirmək deməkdir. İslam dini istəyir ki, insanlar yalnız Allahı ilahiləşdirsinlər, onu müqəddəs bilib yalnız ona and içsinlər. Hətta Quran ayələrində də var ki, Allah özü -özünə and içir. Peyğəmbərimiz buyurub ki, Allah-taala öz-özünə and içirsə, allahın bəndələri də Allaha and içməlidir. Amma Quran ayələrində Allah-taala Günəşə and içir, aya da, yerə də and içir. Bəzi alimlər bundan belə bir nəticəyə gəliblər ki, bu Allaha məxsus bir anddır. Yəni Allah özünün yaratdığı bir şeyə and içə bilər.

Onun sözlərinə görə insanlar Allahın yaratdığı şüurlu məxluqatlar olduğu üçün yaradılmış bir şeyə and içə bilməzlər:"Çünki and içilən şey müqəddəsləşdirilir ki, bu da İslam dini tərəfindən qəbul edilmir. Nəyəsə xatir and içmək olmaz. İlk növbədə ən böyük xatir Allahın xatiridir. Ondan böyük bir xatir ola bilməz. Alimlər deyirlər ki, əgər Allahın xatirini böyütmürsənsə peyğəmbərə, onun övladına xatir edirsənsə burada xəta etmiş sayılırsan. İnsanın yalnız Allaha and içməsi dəqiq şəriət mənbələrindən gəlib.

Digər ilahiyyatçı Bəhruz Camal isə bir qədər fərqli düşünür. B. Camal qeyd edir ki, and içmək İslamda bəyənilmir. Amma bir halda icazə var:"İxtilaflı məsələ çıxıb özünü müdafiə üçün and içməkdən başqa çarən yoxdursa orada yalnız Allaha və yaxud da Allahın kitabına and içə bilərsən. Amma qalan andlar şəri baxımdan önəm daşımır. Düzdür adamı islamdan çıxarmır.

İlahiyyatçı insanların Allahdan başqa içdikləri andı belə izah edir: "Bunun bağlılığı nədir? Yəni bu şeylərin bizim üçün simvolik olaraq önəmini çatdırmaq istəyirik. Anamın əziz canı deyəndə yəni ananın mənim üçün nə qədər dəyərli olduğunu diqqətə çatdırmaq istəyirik. Çörək haqqı deyəndə çörəyin dəyərini bildirmək istəyirik. Amma bu məsələlərin dini baxımdan heç biri təsdiqi yoxdur. Əslində çox and içmək İslamda bəyənilmir. And içmək olar-olmaz məsələsinə gəldikdə isə Qurana baxanda görürük Allah-taala ulduzlara, zeytun ağacına da and içir. Allah müəyyən məsələlərdə nəyisə çatdırmaqdan ötrü özü belə and içir.

B. Camalın hansısa Seyidin cəddinə and içməyə isə belə aydınlıq gətirib: "Seyidin cəddinə and içəndə yəni peyğəmbərə and içir. Cədd baba deməkdir. Burada seyidin cəddinin önəmli olduğunu çatdırmaq istəyir. Ümumiyyətlə çox and içmək insanın müəyyən mənada həqiqətdən uzaq olmasına dəlalət edir. Bu gün cəmiyyətdə içilən andlar adi xarakter daşıyır. Sanki dil oyununa çevrilib.

Sosioloq Cavid İmamoğlu belə hesab edir ki, cəmiyyətdə insanlar arasında inam və etibar azaldıqca təsdiqedici nələrəsə ehtiyac duyulur. "Məsələn, arvadın ərinə ünvanladığı - "işdən çıxıb birbaşa evə gələcəksən? sualına ər - "hə, evə gələcəm deməsinin ardından xanımın - "De vallah deməsi əslində qarşılıqlı inam və etibarın zəifləməsindən irəli gəlir.

C. İmamoğlunun sözlərinə görə, bu kimi hallar cəmiyyətimizdə çox yaşanır:"Cəmiyyətdə mənəvi və psixoloji gərilmə olduqda, biz insan münasibətlərində real insan davranışından çox andların içildiyinin şahidi oluruq. Xüsusilə yalan and insan münasibətlərində ən bağışlanmaz tərəfdir.

Sosioloq deyir ki,daim sosial problemlər içərisində çabalayan, maddi sıxıntılar çəkən insanlar arasında da bu cür andların çoxaldığını müşahidə etmək olar. Digər tərəfdən xidmət göstərən insanlar, xüsusilə ustalar daha çox and içməklə münasibətləri tənzimləmək qərarına düşürlər: "Bir növ and insanın düşdüyü gündəlik iqtisadi durumla da bağlıdır. O insanların ki, həyatları uğurlu davam edir və ciddi problemləri yoxdur, onlar tez-tez and içmirlər. Digər tərəfdən, cəmiyyət daxili münasibətlərdə etik davranışa fikir verən insanlar arasında da and içmək halına rast gəlinmir. Bütün bunları araşdırdıqda, tez-tez and içməyi birbaşa insan mənəviyyatı və düşdüyü maddi-iqtisadi durum ilə əlaqələndirmək mümkündür.