Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Movses Hakopyan bir sıra cinayətlər törətməkdə ittiham olunur.

Unikal.org report-a istinadən xəbərinə görə, onun qanunazidd əməlləri barədə "Sülh dialoqu ictimai təşkilatının eksperti, erməni hüquq müdafiəçisi Ruben Martirosyan Ermənistanın "Araçin lratvakan (İlk xəbər) informasiya agentliyinə verdiyi müsahibədə danışıb.

R.Martirosyan bildirib ki, Ermənistanın hərbi prokuroru prokurorluğun İstintaq idarəsinə müraciət edərək, keçmiş döyüşçü "Döyüş Xaçı ordenli Vahan Badasyanın iddiasına əsasən general-leytenant Movses Hakopyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi haqqında materialların toplanmasını xahiş edib. Vahan Badasyan qeyd edib ki, general-leytenant Movses Hakopyan ErmənistanMüdafiə Nazirliyinin (MN) Maddi-texniki təminat departamentinin rəisi olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bazar qiymətlərindən hiss olunacaq qədər baha qiymətə öz şirkəti və MN arasında buğda alqı-satqısına dair müqavilə bağlayıb. Nəticədə ordunun büdcəsindən on milyonlarla dram mənimsənilib.

Ruben Martirosyan bildirir ki, ordu və orduya nəzarət edən prokurorluq və istintaq idarəsi bütövlüklə korrupsiyalaşmış orqanlardırlar: "Bütün erməni ordusunda yoxlama keçirilsə, əminəm ki, yüzlərlə belə cinayət faktları aşkar edilər. Bu, ilk hal deyil, bu orduda mövcud olan korrupsiyanın kiçik bir hissəsidir. Əminəm ki, bu korrupsiyaya yalnız ərzaq daxil deyil, xatırlayırsınızsa hərbi qulluqçulara camış əti verilirdi.

Martirosyanın sözlərinə görə ərzaq məhsulları, hərbi geyim, hərbi inşaatla bağlı da korrupsiya faktları var: "Burada söhbət 10 milyonlarla deyil, 100 milyonlarla vəsaitin mənimsənilməsindən gedir. Hərbi prokuror Artavazd Harutyunyanın özü cinayətkar olduğu halda, qeyd olunan işin hərbi prokurorluqda araşdırıldığını nəzərə alsaq, nəticə məlumdur. Eyni zamanda, İstintaq komitəsində araşdırılır, dəfələrlə bəyan etmişəm, faktlarla sübut etməyə haziram ki, istintaq komitəsinin sədri Ağvan Hovsepyan cinayətkardır. Ağvan Hovsepyan istintaq komitəsinin sədri olduğu müddətdə mən Ermənistanda ədalət olduğuna ümumiyyətlə inana bilmərəm. Bununla bağlı mənim icraatımda olan Harutyun Hambaryanın (8 may 2015-ci ildə saat 15:15-də Qarabağda intihar edib) öldürülməsi işində görürəm ki, Ermənistanın məhkəmə orqanları iflic vəziyyətindədir. Ölkənin yeni təyin olunmuş baş prokuroru Artur Davtyan isə rəsmi olaraq fəaliyyətsiz vəziyyətdədir. Movses Hakopyanla bağlı qeyd etmək istəyirəm ki, hələ bir neçə ay bundan əvvəl mən bütün vəzifəli şəxsləri xəbərdar etmişəm ki, Mardakertdə (Ağdərə) xidmət edən Movses Hakopyanın qardaşı oğlu Sasun Hakopyan hərbi qulluqçu Harutyun Hambaryanın ölüm işində günahkardır və onun törətdiyi cinayət ört-basdır edilib. Movses Hakopyana güvənən qardaşı oğlu Sasun Hakopyan hərbi hissədə istədiyini edib. Sifarişli araşdırmalar nəticəsində buğda və ərzaq alqı-satqısından daha ağır cinayətlər ört-basdır edilib.