Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. 

Unikal.org-un məlumatına görə, Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, yanğın 33 yaşlı Seymur Babaşova məxsus olan və yarımçıq tikilinin zirzəmisində yerləşən mənzildən başlayıb. Havanın küləkli olması yanğının miqyasını daha da genişləndirib.

Məlum olub ki, S.Babaşov, həyat yoldaşı və iki körpəsi yuxulu vəziyyətdə olduqlarından 3-4 metr məsafədəki qapını açıb xilas ola bilməyiblər. O, həyat yoldaşı Cəvahir və 7 yaşlı oğlu Elşadı tez hamam otağına salıb və burada özlərini su ilə isladaraq xilas olmağa çalışıb. Lakin qatı tüstü evi tamamilə bürüdüyündən elə hamamdaca vəfat ediblər.

Ailənin digər övladı, 9 yaşlı Fərhad isə özünü mənzilin çöl qapısına tərəf atıb və bayıra çıxmağı bacarıb. Lakin ətraf tüstüyə büründüyündən o da boğularaq ölüb.

Bildirilir ki, S.Babaşov meyvə-tərəvəz satışı ilə məşğul imiş.

Sakinlər deyiblər ki, ətrafdakı çoxmərtəbəli binalardan atılan siqaret kötükləri bir neçə dəfə bu tikilidə yanğın baş verməsinə də səbəb olub. Lakin həmin vaxt yanğınlar bu qədər şiddətli olmayıb.