Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

Unikal.org Report-a istinadən xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.