"Taksi sürücüsü" deyəndə insanın ağlına ilk gələn damağında siqaret, əynində dəri gödəkçə, əlində açar fırladaq sakinlərə yaxınlaşıb "Taksi lazımdır?" deyən kişi canlanır. Ola bilər ki, sadaladığımız əlamətlər fərqli və təsəvvür etdiyimiz "dayday" bir qədər xarizmatik olsun. Amma nəticə olaraq hər kəsin təsəvvüründəki taksi sürücüsü kişi olaraq qalır. Buna baxmayaraq, artıq taksi sükanı arxasında qadın görmək heç də ekzotika deyil. Bizim qəhrəmanımız, sözün bütün mənalarında, xanımdır və taksi sürücüsü olmağı onun qüruruna toxunmur.
Unikal.org virtualaz.org-a istinadən 4 ildir Bakıda "Çiçək taksi" ləqəbi ilə sərnişinlərə xidmət göstərən sürücü Vüsalə Əliyeva ilə müsahibəni təqdim edir.
- Vüsalə xanım, nə vaxtdan sükan arxasındasınız?
- 8 ildir avtomobil idarə edirəm. Amma taksi kimi 4 ildir ki, fəaliyyət göstərirəm.
- Bəs maşına həvəs sizdə haradan yarandı, uşaqlıq arzunuz idi?
- Hə, uşaqlıqdan arzum olub. 2011-ci ildə maşın almışam. Ondan sonra bir müddət firmada işlədim, amma qazanc olmadığına görə uzaqlaşdım. Bundan sonra başladım taksi fəaliyyətinə.
- Hiss olunur ki, işinizi sevirsiniz.
- Hə. Həm işimi sevirəm, həm də maşınımı sevirəm.

- Sənətləri qadın və kişiyə bölməyi xoşlamıram. Amma mənə elə gəlir ki, taksi sürücüsü olmaq qadın üçün bir qədər çətin olmalıdır.
- Hə, əslində, düz deyirsiniz, çətindir, amma çətinliyə dözmək lazımdır. Çətinlik onda olur ki, hər cür insanla rastlaşırsan, hərə bir söz deyir. Bəzən olur ki, qaçıb pulumu vermirlər. Hər qadın da bu işi bacara bilməz.
- Müştəri sürücünün qadın olduğunu biləndə reaksiyası necə olur?
- Əla. Sevinirlər ki, sürücü qadındır.
- Sizcə, kişi sürücülərə daha çox etibar edirlər, yoxsa qadın sürücülərə?
- Məncə, qadınlara daha çox etibar edirlər. Həm də qadınlar mənimlə getməyə daha çox üstünlük verirlər.
- Bəs yol polisi ilə necə yola gedirsiniz?
- Çox yaxşı. Bəzən saxlayırlar, amma qadın taksi sürücüsü olduğumuza görə bizə hörmət edirlər. Deyirlər ki, bir dəfə səhvə yol vermisən, gələn dəfə eləmə. Güzəşt edirlər, problem olmur.
- Sərnişinlərin səviyyəsindən razısınız?
- Çox razıyam. Bəzən sərnişinlərlə söhbət edirik və heç yolun necə keçdiyini hiss eləmirik. Hətta elə sərnişinlərim olur ki, məndən onlara da maşın sürməyi öyrətməyimi xahiş edirlər.
- Öyrədirsiniz?
- Hə, öyrətmişəm, kömək eləmişəm.
- Sürücülərin mədəniyyəti necə, sizi qane edir?
- Yox. Çoxu heç sürməyi bacarmır. Bəziləri ilə buna görə dalaşmışam da. Qayda-qanuna əməl eləmirlər.
- Bəzən qadın sürücüləri sıxışdırırlar. Siz də rastlaşmısınız belə hallarla?
- Olur. Xüsusən də, cavan uşaqlar belə edirlər. Məni sağ tərəfə sıxışdırırlar. Amma onlara məhəl qoymuram. Bu görməmişlikdir, fikirləşirəm ki, qoy getsinlər.
- Söhbətə başlamazdan əvvəl dediniz ki, dalaşıb gəlmisiniz. Niyə dalaşmısınız, tez-tez olur belə hallar?
- Hərdən olur. Növbə üstündə digər qadın sürücü ilə dalaşdıq. Mən deyirəm, mən dayanmalıyam, o deyir mən.
- Sizdən başqa da burada qadın var?
- Hə, bir nəfər var.
- Növbə ilə işləyirsiniz?
-Hə, amma bəzən digər sürücülər növbəni gözləmirlər. O zaman olur belə mübahisələr.
- İndiyə kimi nə qədər cərimə olunmusunuz?
- Elə bir cəriməm olmayıb. Bu maşını bir ildir ki sürürəm, heç bir problem olmayıb. O biri maşında qırmızı işıqda keçmişdim, axırıncı radarım onda olub. Hələ ki bir qayda pozuntum yoxdur, başımı aşağı salıb işləyirəm. Hətta məni Bakıda "Çiçək taksi" ləqəbi ilə tanıyırlar.
- Hə, elə onu soruşmaq istəyirdim. Bu haradan gəlib ağlınıza?
- Burada dayananda həmişə avtomobilimə yaxınlaşan qadınlar zarafatla məni "Çiçək taksi" adlandırırdılar. Mən də həvəslənib o biri maşınımda arxa şüşəyə "Çiçək taksi" yazısını vurdum. Sonra bu avtomobilə bir neçə gül yapışdırdım və yazı yazdırdım. İndi hamı məni Bakıda "Çiçək taksi" kimi tanıyır.
- Dediniz ki, adətən qaydaları pozmursunuz. Heç olubmu ki, müştərilərdən kimsə tələssin və sizə cərimələrinizi ödəmək şərtilə "radar mənlikdi, sür" desin?
- Əlbəttə, olub, çox olub, amma mən heç vaxt belə təkliflərə əhəmiyyət vermirəm. Mən qanunu pozmuram. 5 dəqiqə tələsib, qəza törədincə, gec gedərəm, daha rahat gedərəm. Həm də maşınımda apardığım müştəriyə cavabdehlik daşıyıram. Hamını normal şəkildə istədiyi ünvana çatdırıram və haqqımı alıb gəlirəm.

- Haqq demişkən, qazancınız sizi qane edir?
- Əvvəl yaxşı idi, indi yox. Əvvəl gündə 30, 40, 50, hətta 80 manat da çıxırdı. Amma fikirləşirdim ki, bu gün işləməmişəm. Son 2 ay ərzində, demək olar ki, iş yoxdur. Gün ərzində 15 manat qazancım olsa, sevinərəm. 6-7 taksi dayanırıq, hamımızda elədir.
- Sürücülük vəsiqəsini özünüz almısınız?
- Hə, dərslərə yazılmışam, təlimə getmişəm. Hazırda Şüvəlanda sürücü müəllimə kimi işləyirəm.
- Ancaq gündüzlər işləyirsiniz?
- Səhər saat 9-dan axşam 4-5-ə qədər işləyirəm. Daimi müştərilərim var, onlar zəng eləsələr, istədikləri yerə aparıram.
- Qorxursunuz gecə işləməyə?
- Bəli, gecə heç yolda kimsə əl eləsə də, onu avtomobilə götürmürəm. Gündə 5-10 manat çörəkpulum varsa, artıq tamah baş yarar.
- Problemli sərnişinləriniz necə, olubmu?
- İçkili sərnişinlərim olub. Bir dəfə birini apardım, "Topaz"a girdi, mənə də dedi ki, gözlə, indi gəlirəm. Nə qədər gözlədim, gəlmədi. Mən də içkili olduğuna görə, çıxıb gəldim. Hələ ki, mərdimazardan uzağam, məni incidən olmayıb.
Adətən, içkili də olsa, sərnişinlər sakit otururlar. Ancaq onu soruşurlar ki, siqaret çəkmək olar? Mən də cavab verirəm ki, xeyr. Bununla da bitir.
- Bəs pul verməyənlər olanda nə edirsiniz?
- Olur ki, 13 manata razılaşırıq, çatanda 10 manat verir. Amma bayaq 12 manata razılaşmışdıq, düşəndə 13 manat verdi. Bəzən artıqlaması ilə də verirlər, bəzən də kəsirlər ki, olanım budur. Nə deyim...
- Heç pulsuz kimisə aparmısınız?
- Olub. Elə burada dayanmışdım, bir qadın gəldi ki, uşaq xəstədir, xəstəxanaya çatdırmaq lazımdır. Gəldiyi taksi yolu tanımayıb. O düşüb, mən aparıb çatdırmışam xəstəxanaya. Çıxardı ki, pul versin, götürmədim. Bir də təsadüfən həmin qadınla qarşılaşdım, üzümdən-gözümdən öpdü, dedi ki, uşağımızı xəstəlikdən sən qurtardın, savab yiyəsi oldun. Pul vermək üçün əlini cibinə atdı, amma götürmədim.
- Yollarda qəzasız ötüşmək mümkün deyil. Bəs sizdə qəzalar olubmu?
- O biri maşınımda olub. Tələsdiyimdən çatdırıb əyləci basa bilməmişəm, qarşıdakı avtomobili vurmuşam. İki dəfə belə yüngül qəza keçirmişəm, şükür Allaha, yaxşı qurtarmışam.
- Dediniz ki, sərnişinlərinizlə söhbət edirsiniz, onlar sizdən daha çox nəyi soruşurlar, onlar üçün nə maraqlıdır?
- Soruşurlar ki, niyə taksi? Mən də deyirəm ki, bu işi həm sevirəm, həm də bacarığım var. Qazanıram ki, ayaqlarımın üstündə dura bilim. Bir qızım var, onun üçün yaşayıram.
- Neçə yaşı var?
- 16.
- O, anasının taksi sürməsinə necə baxır?
- Yaxşı baxır. Ailəmdə də taksi sürücüsü işləmək istədiyimi biləndə yaxşı qarşıladılar, xeyir-dua verdilər. Ümumiyyətlə, insanların da münasibəti yaxşıdır. Bir çox kişilər istəyirlər ki, həyat yoldaşları qadın sürücü ilə getsinlər. Nömrəmi götürüb zəng edirlər. Hətta məni evlərinə qonaq dəvət edənlər də olub.
- Getmisiniz?
- Yox, getməmişəm, demişəm "çox sağ olun". Mənə işləmək lazımdır.
- Ən uzaq getdiyiniz məsafə nə qədər olub?
- Taksi ilə Xaçmaza, Qubaya, Qusara, Qəbələyə getmişəm. Ən uzaq marşrutum bu qədər olub.
- Qadın sürücüyə adətən tanışlıq təklif edənlər olur. Sizinlə də tanış olmaq istəyənlər olur?
- Tanış olmaq istəyən kişilər çox olur. Amma qəbul eləmirəm. Çünki mən bu işi ona görə görürəm ki, uşağıma çörəkpulu qazanım. Belə şeylərin həvəsində deyiləm.
- Mənə maraqlıdır, maşın sürücünün dostudur, yoxsa dəmir yığını?
- Məncə, ailəsidir hətta. Bu avtomobil mənim ailəmdir, mənə çörək pulu qazandırır. Bunu göz bəbəyi kimi qoruyuram.
- Bəs sevdiyiniz maşın markası hansıdır?
- Mən elə əvvəlcədən "Hyundai"ı sevirdim, amma "Chevrolet" ala bildim. Bir müddətdən sonra onu satıb bunu aldım.
- Sizcə, qadınlar daha yaxşı maşın sürür, yoxsa kişilər?
- Sürücüdən asılıdır. Elə qadınlar var ki, yaxşı sürmürlər. Amma mən kişilərdən daha yaxşı maşın sürürəm.
- Heç bu işi dəyişməyi fikirləşirsiniz?
- Yox, nə qədər işləyə bilsəm, işləyəcəyəm.
- Bəzən qadınlar dabanlı ayaqqabılarla maşın sürürlər. Siz necə?
- Yox, mən "kabluk"la sürə bilmirəm, ancaq rahat və düz altlıqlı ayaqqabı ilə sürürəm. Məncə, hündürdaban ayaqqabı ilə sürmək düzgün deyil.
- Həftənin ən uğurlu günü hansıdır sizin üçün?
- Burada 2 və 4-cü günlər siz deyən iş olmur. Adətən, cümə günü qazanc yaxşı olur. Doğrudur, bu gün də cümə axşamıdır, amma 13 manat "siftə" eləmişəm (gülür).