Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib. Vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərin iclasda nə vaxt iştirak edəcəklərini soruşub.

Hakim Əlövsət Abbasov deyib ki, nə vaxt məhkəmə qərar versə, təqsirləndirilən şəxslər onda iclasda iştirak edəcəklər. N.Kərimli müdafiə etdiyi Abbas Hüseynovla görüşüb məsləhətləşmək istəyib. Hakim təcridxanada və məhkəmədə onların görüşə biləcəklərini deyib.

Vəkil Yalçın İmanov isə bildirib ki, hakim onlardan hər dəfə Vəkillər Kollegiyasına şikayət edir: "Siz bir sahə müvəkkilinə irad bildirmisiniz, amma vəkilləri təsir altında saxlayırsınız".

Hakim bildirib ki, sahə müvəkkili ona tabe deyil: "O hadisə vəkilə görə oldu. Birinci vəkil başladı, sonra tərəflər bir-birini ittiham etdi. Mənim hərəkətlərimdən şikayət etmək hüququnuz var. Lakin mən sizdən şikayət etməmişəm. Hər dəfə prosesin vaxtın elan edirik. Siz gecikəndə kollegiyaya yazırıq ki, vəkillərin iştirakı təmin edilsin. Heç vaxt sizin cəzalandırılmaq məsələniz qoyulmayıb".

Daha sonra hakim bildirib ki, bir neçə şahid və ölən polislərin nümayəndələri məhkəməyə teleqram vuraraq iclasda iştirak etmək istəmədiklərini bildiriblər. Buna görə də məhkəmə onların dindirilmələrinə ehtiyac olmadığı barədə qərar qəbul edib.

Hakim ötən iclaslarda vəkillər tərəfindən verilən vəsatətləri də elan edib. Bildirib ki, vəkillər daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov və "Beynəlxalq Bankın" İdarə Heyətinin sədri Cahangir Hacıyevin dindirilməsi haqqında vəsatətlər verib.

Bundan sonra iclasda təqsirləndirilən şəxslərlə vəkillərin məsləhətləşmələri üçün fasilə elan edilib.
Fasilədən sonra vəkillər bildirib ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər.

İclas dekabrın 12-də davam edəcək.