Azərbaycan kubokunun 1/8 final mərhələsinda  "Qəbələ"- "Zaqatala oyunundan sonra (2:2, pen.4:1) "qırmızı-qaraların baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Qriqorçuk çətin qarşılaşma keçdiyini deyib:

"Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik. Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik. Yaxşı oyun göstərməsək də, qalib gəldik. Bu, çox yaxşı oldu. Həm də qarşıdakı oyunlar öncəsi futbolçularımızın indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir.

Mütəxəssis qeyd edib ki, "Qarabağ"a məğlubiyyətdən sonra komandası tam özünə gələ bilməyib:"Qarabağla oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük. Komandanın emosional durumunu, özünə inamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni etdim. Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq.

Qriqorçuk az şans qazanan futbolçular haqda da danışıb:"Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar.