"Nargis" Nəşriyyat Evi və "Nargis" jurnalının eks-direktoru, aktrisa Könül Nağıyevanın "Qafqazinfo"ya müsahibə verib. Unikal.org həmin müsahibəni təqdim edir.
- Bu yaxınlarda Türkiyə istehsalı olan "Kızkaçıran" adlı filmdə rol aldınız. Filmin təqdimatı nə zaman baş tutacaq?
- 15 aprel tarixində yeni filmimizin təqdimatı baş tutacaq. Film həm İstanbul, həm də Türkiyənin başqa şəhərlərində göstəriləcək. Təmtəraqlı qala gecəsi keçirilməyəcək, bu ənənə keçmişdə qalıb. İnsanların indi daha çox filmin aktyorları ilə birgə filmə baxmasından xoşu gəlir. Bu filmlər xalq üçün çəkilir, onların sevməyi üçün hər şey edilir. İnsanlar çox güləcək, "Kızkaçıran" filmi çox gülməlidir.
Mən o dili yüzdə yüz başa düşmədiyim halda gülməkdən ölürdüm. Mənim də gülməli səhnəm var. Ciddi bir xarakteri canlandırıram. Filmdə min oyundan çıxmışam. Ciddi obrazımı daha da abartılı şəkildə oynamışam. Artıq "Kızkaçıran" Türkiyədə kanalların birinə satıldı. Ümumdünya təcrübəsində filmi TV-yə satmaq çox çətindi".
- Ötən həftə xalq artisti Aygün Kazımova açıqlamasında bildirib ki, layihəsini reallaşdırmaq üçün evini satıb. Bəs siz? Hər hansı bir layihənizi reallaşdırmaq üçün belə addım atmısız?
-Həmin müsahibəyə baxdım, Aygün xanıma çox üzüldüm. O da xoş niyyəti ilə bunu edib. Aygün Kazımova hansısa insanlara güvənib, axıra kimi yoxlamadan bu imzanı atıb. Dünyada o qədər çoxbilmiş var ki... Türkiyədə, Amerikada, ümumiyyətlə bu şou-biznesdə kələkbazlar çoxdur. Onlar Aygün xanımın geniş ürəyinə yol tapa biliblər, aldadıblar. O, həmin pula 4 gözəl layihə edə bilərdi. Aygün çoxbilmişlərin qurbanı oldu. Mən həm reklam, həm marketinq, həm də KİV-də işim, təcrübəm çoxdur.
On altı yaşımdan bu sektorda çalışıram. Deyə bilmərəm ki, məni heç kəs aldada bilməz. Məndən qat-qat ağıllıları var. Sadəcə olaraq layihəyə başlamazdan əvvəl emosiya ilə qərar vermək olmaz. Bir az ağıl işlətmək lazımdır. Yüz ölç, bir biç... Görün, Aygün Kazımova kimi sənətkar elə bir vəziyyətə düşüb ki, evini və maşınını satmağa məcbur olub.
-Türkiyə film sektorundasız. Yəqin ki, TV və media aləminə çıxışda çətinlik çəkirsiz...
- Hazırda Türkiyədə "Rüzgar" oyunculuq və menecerlik kastinq agentliyi ilə iki illik müqaviləm var. Beynəlxalq agentlik olduğu üçün bir neçə xarici ölkənin aktyorları burada çalışır. Elə bu yaxınlarda menecerimiz Ezgi bizim hamımızı bir araya gətirərək "Habertürk"ə reportaj verdik. Tanınmış şirkətin reklam kampaniyasını aparırdıq. Ümumdünya praktikasında da belə şey var. Yəni, bütün işləri agentlik görür.
Mən gəlib burada özümü pis aparsam, təbii ki, mənə müəyyən qadağalar olacaq. Bir diplomat olmaq, strateji düşünmək lazımdır. Hansısa bir TV və media mənə niyə qadağa qoysun? Tərbiyəm, danışığım yerindədir. Ağzımı açıb gic-gic danışmıram, heç kəsi pisləmirəm. Bu enerjini başqa şeylərə sərf etmək lazımdır. Mənim də arxamca o qədər sözlər eşidirəm ki... Özlər üçün danışırlar...
- Bəs belə agentliklərə necə üzv olmaq olar? Müəyyən ödəniş edirsiz?
- Xeyr. Peşəkar agentlik sırf sənin yaxşı aktrisa olduğun üçün seçir, müqavilə bağlayır. "Masovka" agentliklər də var. Onlar üzvlərini seriallar və kinolarda çəkilişə salırlar, iki saniyəlik görüntüdən sonra yola salırlar. O agentlərə üzv olmaq üçün 50-100 TL ödəniş edirsən. İnternetdə belə agentliklər çoxdur, 90 faizi isə saxtadır. Məni agentliyə Korhan Uğur yönləndirdi. Onun nişanlısı Serpil xanımın özü də prodüserdi. Ezgiylə tanış etdi, dedi ki, xoşuna gəlirsə, agentliyə götür. Ezgi mənim video parçalarıma baxdı, müqavilə imzaladı. Bizi tanışlıqla ora göndərə bilərlər, ancaq agentlik səni üzv edəcəkmi? Bunların hamısı sual altındadır.
- Siz həmin agentliyin üzvüsüz. Son rol aldığınız "Kızkaçıran" filmindən aldığınız qonorar sizin, ya agentliyin hesabına köçürülür?
- Qonorar agentliyin balansına keçir. Bu müqavilədən asılıdır. Məbləğin 80 faizini aktrisa, 20 faizini isə agentlik götürür, və ya əksinə də ola bilər. Bizimkilər də onu etmək istəmir. Məsələn, mən 10 min qonorar almışam, 2 minini həmin şəxsə halallıqla verməliyəm. Çünki, həmin şəxslər olmasa, 8 mini belə qazanmayacaqdım.
- "Kızkaçıran"da nə qədər qonorar aldız?
- Müqaviləyə görə bu barədə danışa bilmərəm. Amma deyim ki, orta filmlərin qonorarı 2-5 min dollar arası dəyişir.
- Əvvəl "Nargis" Nəşriyyat Evi və "Nargis" jurnalının direktoru olmusuz. Direktorluq bir az oturaq işdir, aktrisalıq isə əksinə... Uyğunlaşmaq çətin olmadı?
-Uşaqlıqdan bu işin fanatı olmuşam, aktrisa olmağa evdən icazə vermirdilər. Daha sonra ailə qurdum, övladım dünyaya gəldi. Mən həmişə bir yerdə dayanmamışam. Moskvada kurslar, aktyorluq məktəblərinə getmişəm. Sadəcə olaraq öyrəndiklərimi nümayiş etdirməmişəm. Dedim ki, ətrafımda hər kəsi xoşbəxt etdim, indi sıra məndədir. Jurnal işim də çox maraqlı idi, ancaq mənim həyatım deyildi. Həyatımın bir parçası idi. Hazırda yaşadığım həyat mənə zövq verir.
- Bəs illər sonra ailənizi necə razı sala bildiz?
-Deməli, ərimlə boşandım, problem belə həll oldu (gülür). Dost olaraq normal əlaqə saxlaya bildik, gözəl münasibətimiz var. Həyat yoldaşımla oturub söhbət etdik. Ona dedim ki, bizim bir övladımız var. Başıma oturub turp əksən də, səninlə dalaşmayacam. Biz dost olaraq qalacağıq. Əvvəl "yox" cavabı dedi, daha sonra razılaşdı. Ayrılıq mən tərəfdən oldu. Biz şəhərdə gəzməyə də çıxırıq, görüşürük.
Hərdən deyirlər ki, bəlkə barışasız? Barışıq olmayacaq. Sırf işimlə məşğul olmağa başlamışam. Mənim aktrisa olmağımı istəsə qəbul edərdi. Artıq 33 yaşım var, özüm qərar verə bilirəm. Bir-iki uğurlu layihəm oldu, valideynlərim məni başa düşdülər. Hərtərəfli müstəqil olmuşdum. Bundan sonra mənə qadağa qoymaq düzgün deyildi. Onlar tolerant insanlardır. 16 yaşımda əlbəttə ki, valideynlərim narahat ola bilərdi.
 - Verilişlərin birində övladınızın Bakıda, sizin isə Türkiyədə yaşadığınızı qeyd etmişdiz və onun üçün çox darıxdığınızı bildirmişdiz. Hələ də bu ayrılıq davam edir?
- Ayrılıq müddətimiz azalır. İnşallah, Novruz bayramında yanıma gəlib 10 gün qalacaq. Mən də tez-tez Bakıya gəlirəm. Çalışıram ki, həftəsonları onun yanında olum. İşlərimi düz-qoş edəndən sonra sentyabr ayında Murad mənimlə qala biləcək. Sentyabr ayında yeni bir böyük layihəm olacaq, cavab gözləyirəm. Daha sonra isə oğlumla rahat vaxt keçirə biləcəm. Ayrılıq çox çətindir...