Prezident İlham Əliyev "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında fərman imzalayıb.

Fərmana əsasən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Müəyyən edilir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilir:

- Nazirlər Kabineti:

- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

- Əmlak Məsələləri Dövlət Komitəsi:

- bu fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Müəyyən edilir ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir; Cəmiyyət, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, əsaslı təmiri, yenidən qurulması məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur; Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.