Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski 70 illik yubileyini siqaretsiz, alkoqolsuz, amma rəqs etməklə keçirmək niyyətindədir.

Unikal.org xəbər veir ki, bu barədə trend TASS-a istinadən məlumat yayıb.

Tanınmış siyasətçi aprelin 25-də ad gününü Moskvanın məşhur Manej meydanında qeyd etməyə hazırlaşır. V.Jirinovski deyib ki, ad günündə nə siqaret çəkiləcək, nə də içki içiləcək.

O, hətta doğum gününü masa ətrafında keçirməyəcək: "Süfrə açılmayacaq - qonaqlar Manej meydanında qaçacaqlar, kütləvi gəzinti, rəqslər, diskoteka, breyk-dans və kişilərin xoru nəzərdə tutulub. Yeni növ şənlik keçirəcəyik".

Siyasətçi ad gününə 5000 nəfərin qatılacağını gözləyir.

V.Jirinovski qeyd edib ki, RLDP-nin üzvləri nə siqaret çəkir, nə də spirtli içki qəbul edirlər. Son iki il ərzində partiya üzvləri vegetarian yeməklərinə üstünlük verirlər. Keçən ildən isə yeni partiyadaxili normativ qəbul olunub. Normativə əsasən partiya üzvləri sekslə rübdə bir dəfə məşğul olmalıdırlar. V.Jirinovskinin fikrincə, bu, sağlam həyat tərzi ücün çox vacib amillərdəndir.