"Bir o qədər də deyiləcək söz yoxdur. Vacib oyun idi. Məğlub olmalarına baxmayaraq, futbolçularıma sağ ol deyirəm. Belə rəqibəqarşı oynamaq asan deyildi".

Unikal.org-un məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda İtaliya "Fiorentina"sı ilə Bakıdakı oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi 1:2 hesabı ilə uduzduqlarıoyunda sadə qollar buraxdıqlarını bildirib. Amma o, "Fiorentina"ya qarşı layiqli oyun sərgilədiklərini vurğulayıb: "Bir çox halda rəqibi topsuz qoyurduq. Bu da onlara çətinlik yaradırdı. Hər kəsə dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu cür soyuqda stadiona gələn azarkeşlərə çox sağ ol deyirəm. Hər birinə təşəkkür edirəm. "Fiorentina"ya da uğurlar arzu edirəm. Belə rəqibin oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəyəm".

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Ardıcıl 3-cü dəfədir ki, qrupda çıxış edirik, amma növbəti mərhələyə yüksələ bilmirik. Düşünmürsünüz ki, artıq rəhbərliklə danışıb daha səviyyəli futbolçular transfer etmək lazımdır?
- Ümumi olaraq o səviyyəyə çatmaq üçün ilk olaraq, çempionatımızın səviyyəsini qaldırmalıyıq. Bir komanda ilə iş düzəlmir. Bütün komandaların gücü eyni olmalıdır. Bir məqamı qeyd edim: Ümumiyyətlə, ölkə olaraq gəncik. Futbolda da beləyik. Amma İtaliya və digər Avropa ölkələrinin 100 illərlə təcrübəsi var. Biz nə qədər yaxşı transfer etsək də, ondan daha yaxşılarını Avropa klubları edir. Belə də oyunçularımdan razı qaldım. Bu cüroyunların sayı çox olsa, onların həm təcrübəsi, həm də bacarığı çox olacaq. Əlimizdəki oyunçularla keyfiyyətli oyun qurmağa çalışırıq. Görünür, hardasa səhv etmişik.

- Sizə elə gəlmirmi ki, bu oyun Rəşad Sadıqov üçün Avropa arenasında son oyun ola bilər?
- Niyə elə düşünürsünüz? Mənə elə gəlmir.

- "Qarabağ"ın Premyer Liqadakı legioner limitinin əziyyətini çəkdiyini demək olar?
- Limitdən şikayətlənməyimiz düzgün olmaz. Çünki irəliləmək üçün şansımız oldu. 3 dəfə qrupda olduq. Birində "İnter"ə, indi də "Fiorentina"ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək, nəsə etmək lazımdır, mən işimi düzgün görürəm, başqası yox, bu, düzgün olmaz. Biz də inkişaf üçün addımlar atırıq. Hələ ümumi Azərbaycan futbolu tam formalaşmayıb. İstər-istəməz çatışmazlıqlar var. Bu o demək deyil ki, istək və ya bacarıq yoxdur. Sadəcə, bunun üçün illər lazımdır. Sırf limitlə bağlı olduğunu demək olmaz. Məsələn, "Beşiktaş"ın gözəl şansı vardı, amma Çempionlar Liqasında davam edə bilmədi. Desəm ki, limit olmasa, Avroliqanın 1/4 finalına qədər gedərdim, yalan olar.

- Bu oyundan sonra futbolçuları ölkə çempionatına kökləmək çətin olmayacaq?
- Qrupda qalmaqhər bir futbolçu üçün üzücüdür. Paltardəyişmə otağında da bunu gördüm. Bu, həm fiziki, həm də psixoloji xarakterlidir. Mərhələ keçməsək də, azarkeşləri yaxşı yola salmaq istəyirdik.

- Fasilədə PAOK - "Slovan" oyunun nəticəsi ilə maraqlandınız?
- Yunanıstandakı hesabbir az təsir etdi. İstər-istəməz təsir edir. Dünən də bu barədə demişdim.

- Hər iki oyunda "Qarabağ"a uduzan PAOK qrupdan çıxdı...
- PAOK yaxşı komandadır. Onlar layiq olduqları üçün 1/16 finalaçıxdılar.