Xalq artisti Gülyaz və Gülyanaq Məmmədova bacılarının atasının səhhətində problem yaranıb.

Unikal.org-un məlumatına görə, bu barədə aznews.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. O, atası üçün darıxdığından özünü piss hiss etdiyini vurğulayıb:

"Atam, anam yaşlı adamlardır. Tez-tez soyuqlayıb, xəstələnirlər. Bir az əvvəl də xəstə idi. Ata-anaya olan sevgi danılmazdır. Uzaq yoldu deyə tez-tez gedib baş çəkə bilmirəm. Övlad olaraq ata-anamın səsini eşitməyəndə darıxıram, özümü pis hiss edirəm. Onlarla nəfəs alıram. Atamın bir yeri ağrıyanda mənim ürəyim ağrıyır."

Gülyanaq Məmmədovanın sözlərinə görə, o, atasını Bakıya gətirib, qulluğunda durmaq istəyir, amma:

"Atam-anam bizə gələ bilmir. Deyirlər ki, Bakıda havamız çatmır. Onlar şəhəri sevmir. Arada gətirib qulluğunda durub, nazını çəkmək istəyirik, dözmürlər, qaçırlar. 70-80 il kənddə yaşayan insan şəhər mühitinə necə alışar? Biz ata-anamızı gətirib "qəfəs"ə sala bilmirik. Bakı onlar üçün "qəfəs"dir. Övlad olaraq onların hər gün qulluğunda durmaq istəyirsən. Kim dünyasını tutub qalır ki?! Onsuz da onların borcunu ödəmək olmur. Ona görə, gərək indidən qulluğunda durasan ki, sonra peşman olmayasan. Onların yaşlılığı həmişə məni kövrəldir."