Çiy ət yemək və daş alətlərdən istifadə insanın dişlərinin və üzünün əcdadlarından xeyli kiçik olmasında rol oynayıb. Alimlər deyirlər ki, yeməyin bişirilməsi yox, ət və alətlər erkən insanı daha böyük çeynəmə əzələlərinə ehtiyacdan azad edib. Bu, öz növbəsində, başqa dəyişikliklərə səbəb olub. Nitq yaxşılaşmağa, beyin isə böyüməyə başlayıb. Tədqiqat müəllifləri bu qənaətdədirlər ki, yeməklərin bişirilməsi daha sonralar geniş yayılıb.
Unikal.org BBC-yə istinadən bildirir ki, Harvard Universitetindən professor Daniel Lieberman və doktor Katherine Zink öz tədqiqatlarının nəticələrini Nature jurnalında nəşr ediblər.
Bizim cinsimizdən olan Homonun qalıqları qazıntılar zamanı o qədər də çox tapılmayıb.
2 milyon il bundan əvvəl Homo erectusun yarandığı vaxtlarda, insanlarda artıq beyin və bədən böyümüş gündəlik enerji tələbatımız artmışdı.
Lakin paradoksal şəkildə insanların çənələri kiçilmiş, çeynəmə əzələləri zəifləmiş və dişləmə qüvvəsi azalmışdı.

Çeynəmək məsələsi

Bu dəyişikliklərin səbəbi kimi bəzən yeməyin bişirilməsini göstərirlər, lakin xörək bişirmək adəti yalnız 500 min il bundan əvvəl yayılmağa başlayıb.
Bu isə o deməkdir ki, yeməyin bişirilməsi çənə əzələlərinin və dişlərin kiçilməsində əhəmiyyətli rol oynaya bilməzdi.
"Əgər siz şimpanzelərlə bir müddət bir yerdə olsanız, görərsiniz ki, onlar günün yarısını çeynəməyə həsr edirlər, - deyir professor Lieberman, - İnsan təkamülünün müəyyən mərhələsində nəsə dəyişiklik yaranıb. Biz az yeməyə başlamışıq. Bu dəyişiklik iki faktorun nəticəsində mümkün olub: Bizim qidalarımız əcdadlarımızın yeməyindən qat-qat keyfiyyətlidir, lakin həm də qidalarımız yaxşıca emal edilib."
Alimlər çeynəmə prosesini araşdırmaq üçün könüllülərə ət nümunələri və əcdadlarımızın hələ ət yemədikləri vaxtlarda yediyinə bənzər tərəvəz yedizdiriblər.
Sonradan ət və tərəvəzin çeynənməsinə sərf olunan enerji hesablanıb.
Nəticələrdən belə bəlli olub ki, yeməyin üçdə birini ət təşkil edəndə, habelə əti və tərəvəzi doğramaq üçün alətlərdən istifadə etdikdə erkən insanlar çeynəməyə 17 faiz az vaxt və 26 faiz az enerji sərf ediblər.
Lieberman və Zinkin məqaləsində deyilir: "Biz bu qənaətdəyik ki, ətin yeyilməsi onun mexaniki emalı, yəni doğrama texnologiyasının yaranması ilə mümkün olub. Ətin çeynənməsi hər kalori üçün erkən insanın qidalarının çeynənməsindən daha az enerji tələb edir. Bununla belə 3, 3 milyon il bundan əvvəl daş alətlərin ixtirasına qədər insanın azı dişləri ətin istehlakını çətin edirdi."