Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə etmişdir. Ölkəniz Sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.