Bu gün "Hilton" orelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.
Unikal.org-un Apasport.az saytına istinadən xəbərinə görə, Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə Assosiasiya tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. 
 
"Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük. Keçən ilin əlamətdar hadisələrindən biri də Bakı Avropa Oyunlarının keçirilməsi oldu. Ölkə başçısı cənab İlham Əliyevin Olimpiya stadionunu AFFA-nın balansına keçirməsi önəmli hadisə idi. Ötən il iki klubumuz Avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycanda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdı. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq. Bu yarışların keçirilməsində cənab prezidentimizin sərəncamları xüsusi rol oynadı. Düşünürəm ki, bu sərəncamların bizə çox xeyri dəyəcək" - deyə, Abdullayev bildirib. 
 
Sonra söz gənclər və idman naziri Azad Rəhimova verilib. Futbolun daha çox sevildiyini deyən nazir bildirib ki, müstəqillik dövründə digər idman növlərinə olan qayğı futbola da göstərilib: "2005-ci ildə "Dövlət proqramı" ilə futbol daha da inkişaf etdirilib. "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu dövrdə ölkəmizdə idman infrastrukturu geniş inkişaf etdirilib. Regionlarda olan stadionlar təmir edilib. Ölkəmizdə qızlar arasında dünya çempionatı keçirilmiş, gələn illərdə də bu cür yarışlar təşkil ediləcək. Şübhəsiz ki, bu işlərdə ən böyük yük AFFA-nın üzərinə düşür. Bu işlərdə Azərbaycan Gənclər və İdman Nazirliyi də AFFA-ya hər cür köməyini əsirgəməyib".
 
Sonra Konfransın səlahiyyətli olub-olmamağı barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidi.
 
Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilib. Komissiya üzvləri Şaiq Həmidov, Kamran Quliyev, Rövşən Əhmədov olub. 2015-ci illə bağlı video-çarxın nümayişinin ardınca baş katibi Elxan Məmmədov çıxış edib.
 
Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2015-ci ilin maliyyə hesabatını, həmçinin 2016-cı il üçün büdcə layihəsini təqdim edib. Müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Qasımovun da hesabatı dinlənilib: "Bütün sənədlər yoxlanılıb. Əldə etdiyim audit sübutları təmin olunub. Rəhbərliyin uçot təxminlərinin qiymətləndirilməsi müvafiqdi. Təqdim edilən maliyyə hesabatları AFFA-nın ötən il üçün maliyyə vəziyyətini, maddi hesabatlarını beynəlxalq maliyyə hesabatlarına uyğun olaraq, düzgün əks etdirilib".
 
Qasımovun ardınca isə AFFA-nın hüquqşünası Rəmiş Malıyev çıxış edib. O, AFFA-nın hüquqi normaları, hüquq strukturu haqda danışıb.
 
Konfrans iştirakçıları Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev və U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovu da dinləyib. Sonuncu yığmamızın Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı barədə məlumatı verib, azarkeşləri sevindirəcəklərini qeyd edib.
 
Ardınca prezident seçkisi baş tutub. Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçilib. O, 2020-ci ilədək bu postu tutacaq.
 
"Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik" - deyə, Abdullayev bildirib. 
 
Konfrans nümayəndələri AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı daha 10 üzv yer alıb.
 
Peşəkar Futbol Liqası – 4 yer
 
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
 
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
 
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
 
Sahə Futbol Federasiyaları – 2 yer
 
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
 
İctimai Futbol Təşkilatları – 2 yer
 
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
 
Seçkilər başa çatdıqdan sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edib. O, Abdullayevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.