Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, M. Əhmədovun səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bu barədə məhkəməyə Bakıdakı klinikalardan birindən müraciət daxil olub.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, M. Əhmədova bu gün hökm oxunmalı idi. Prokuror ona 9 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.

M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.