"Vaxtında dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, bu gün dünyada bu qədər münaqişə olmazdı".

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi" panelində deyib.

N.Məmmədovun sözlərinə görə, ötən əsrin 90-cı illərində Varşava Müqaviləsi Təşkilatı ləğv olunandan sonra yeni dünyada yeni bir mərhələ başladı: "Avropa İttifaqının, Avropa ölkələrinin, Qərbin dünyaya mesajı əslində belə idi: "Biz bundan sonra sabitlik, təhlükəsizlik şəraitində yaşayacağıq və davamlı inkişafa nail olacağıq". Dünən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ötən 25 ildə keçdiyi yol haqqında ətraflı danışarkən bu məsələ barədə məlumat verdi, Azərbaycanın qazandığı nailiyyətlər haqqında danışdı. Bu çıxışın əsas mahiyyəti bundan ibarət idi ki, nə qədər çətin bir dünya olsa da, səyləri ortaya qoysaq, uğurlu nəticələr qazana bilərik".

PA rəsmisi qeyd edib ki, bu gün Azərbaycan bir müsəlman dövləti kimi 25 il ərzində stabillik şəraitində, təhlükəsizlik şəraitində davamlı inkişafı təmin etməyi bacarıb: "Amma çox təəssüf ki, bu 25 il ərzindən daha yaxşı dünya olduğunu deyə bilmərəm, əksinə, bugünkü dünya daha çox gərgin, daha çox münaqişəli, daha çox problemli bir dünyaya çevrilib. Bunun səbəbləri nə olub? 20-ci əsrin 90-cı illərindən sonra bütün ölkələr dünyada yaranmış yeni vəziyyəti çox böyük entuziazmla qarşıladılar. Hamı düşündü ki, beynəlxalq münasibətlərə, dövlətlərarası münasibətlərə ədalətli yanaşma olacaq. Ancaq mən sizə elə Azərbaycanın nümunəsində bir şey demək istəyirəm. Nədənsə bunu görmək bu gün çox çətindir, bəzən həddindən artıq çətindir. Mən təəssüf edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni heç bu foruma salmaq məsləhət olmayıb. Əgər biz dünyada olan problemlərdən danışırıqsa, onların həllini vacib hesab ediriksə, Varşava Müqaviləsi Təşkilatı dağılandan sonra yaranan ilk münaqişə elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu".

N.Məmmədov əlavə edib ki, buna belə etinasız yanaşma olmasaydı, elə o dövrdən Avropa və Qərb beynəlxalq hüququ, ədalətli yanaşmanı ortaya qoysaydı, bu münaqişə həll olunsaydı, bəlkə bu gün dünyadakı münaqişələrin çoxu olmazdı.