Kapitonova Natalya Kirillovna həm keçmiş SSRİ-də, həm də indi, Rusiyada Böyük Britaniyanın xarici siyasəti üzrə tanınmış mütəxəssisdir. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun "Amerika və Avropa ölkələri siyasi tarixi kafedrasının professorudur. Təsadüfi deyil ki, həm namizədlik, həm də doktorluq işinin mövzusu da Böyük Britaniya ilə bağlı olub. Azsaylı sovet mütəxəssislərindəndir ki, Britaniya Milli Arxivində, Çerçilin arxivində çalışmaq imkanı qazanıb. Elə Azərbaycan prezidentinin institutdakı diplom rəhbəri də məhz xanım Kapitonova olub.

Unikal.org xəbər verir ki, Lent.az-ın əməkdaşıyla söhbətində də o vaxtkı tələbəsindən, gələcəyin prezidentindən ağızdolusu danışır.

- Mərhum Zərifə Əzizovnanı xatırladım indi. Onun dərsi ilə çox maraqlanırdı. Tez-tez instituta gəlirdi. Biz onunla rəfiqə olmuşduq. Ziyalı qadın idi. İstəyirdi ki, oğlu yaxşı təhsil alsın. Sizə bir sirr də açım. Onun zaçot kitabçasınin sürəti bəlkə də bizim muzeydə qalır. Tapsanız baxın, başdan ayağa əladır. Sizə bir məqamı da demək istəyirəm. Nə tələbəlik vaxtı, nə də ondan sonra İlham heç vaxt Heydər Əliyevin oğlu olduğunu büruzə verməzi. Çox sadə aparırdı özünü. Təsəvvür edin, ata Əliyev dünyanın ən böyük ölkəsinin rəhbərliyində təmsil olunur. Amma onun davranışlarında bu hiss olunmazdı.

-Xanım Kapitonova Azərbaycan prezidentin diplom rəhbəri də olub:

- Üçüncü kursda oxuyanda bilirdim ki, Böyük Britaniya mövzusuyla maraqlanır. İngilis dili isə yüksək səviyyədəydi. Mən onların qrupuna Böyük Britaniyanın xarici siyasəti fənnindən dərs deyirdim. Həddən artıq hazırlıqlı tələbəydi Diplom işini isə yüksək səviyyədə müdafiə etdi. Səhv etmirəmsə, SSRİ-nin Britaniyadakı səfirliyində belə təcrübə keçdi. Namizədlik işinin də əsasını elə Britaniya mövzusu təşkil edirdi.

-Təcrübədən söhbət düşmüşkən. Elə Azərbaycan prezidenti özü də çıxışlarını birində bu məqama toxunmuşdu.

"Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir.

Professorun dediyinə görə, İlham Əliyev hələ də onları unutmur:

- Müstəqil bir ölkənin prezidentidir. Özü də elə bir zamanda ki, onun hər dəqiqəsi qızıldır. Ölkənin problemləri var, Qarabağ məsələsi istiqamətində durmadan çalışır. Bunları biz bilirik. Və eyni zamanda çox şadıq ki, o, bizləri, öz müəllimlərini də heç vaxt unutmur. Xüsusən də məni (Gülür). Sonuncu dəfə institutumuzda olanda məni şəxsən axtarıb tapdı, yanına çağırdı. Hiss edirsən ki, heç dəyişməyib. Elə həmənki insandı, sadə, gülərüz, istiqanlı. İnstitutda hamı onu elə beləcə xatırlayır. Yaddaşlarda belə qalıb. Fəxr edirik onunla. Təsadüfə baxın ki, onun qızı Leyla da atasının yoluyla getdi. Bizim İnstitutu bitirdi.

Ali məktəbi bitirəndən sonra prezident elə Kapitonovanın işlədiyi kafedranın aspirantı olur. 1985-ci ildə isə namizədlik dissertasiyasını müdafiə edir, tarix elmləri namizədi adını alır. Və bundan sonra elə təhsil aldığı ali məktəbdə auditoriya qarşısına çıxır.

İnstitutun kitabxanasında, oranın müdiri Raisa Polevaya ilə söhbət edirik Deyir, o, müəllim vaxtı da özünə qarşı tələbkar idi.

- Kitabxanaya gələn və maraq dairəsində olan elə bir nəşr , kitab və ya hansısa jurnal yox idi ki, İlham Əliyev ya ona abunə olmasın, ya da oxumasın. Müəllim kimi də sevilirdi. Həm tələbələri tərəfindən, həm də kollektivdə.

-Maraqdır ki, Azərbaycan prezidenti "MGİMO Journal nəşrinəmüsahibəsində müəllimlik etdiyi dövrə də toxunub:

"Mən dərs deməyə institutu bitirəndən bir neçə il sonra, hələ aspirant ikən başladım. Mən tələbələrin hisslərini gözəl başa düşürdüm, demək olar ki, qəlbən hələ onların, auditoriyada oturanların yanında idim. Odur ki, mən daim onlara kömək etməyə, dəstək olmağa, hətta qiymətlərini bir qədər artırmağa çalışırdım. Düşünürəm ki, mən pis müəllim deyildim və o vaxtları yaxşı xatırlayıram. Ancaq bu gün Forum vaxtı dərs dediyim uşaqlar mənə yaxınlaşanda açığını deyim, hamını xatırlaya bilmirdim - mənim tələbələrim çox idi! Onlar təkcə Moskvada, Rusiyanın digər şəhərlərində deyil, Mərkəzi Avropa ölkələrində də yaşayır və işləyirlər. Mən hər dəfə onlara rast gələndə həqiqi mənada yaxşı hisslər keçirirəm! Əlbəttə ki, Forumda köhnə institut dostlarımla çox böyük sevinclə görüşdüm. Məsələn, Sergey Abakumovla. O, komsomol təşkilatının katibi, mən isə tələbə idim, amma biz dostluq edirdik.

Prezident müəllim işlədiyi dövrdə Heydər Əliyev istefa verərək vəzifədən gedir. Qorbaçov hakimiyyəti isə Əliyevə qarşı düşmənçiliyə başlayır. Həmin dövrdə İlham Əliyev üçün də sınaq dövrü olur.

Raisa xanım xatırlayır:

- O, sınmadı, həmin ağır illərdə özünü çox dəyanətli apardı. Hər yerdə atasıyla fəxr etdiyini deyirdi. Heç kimdən də çəkinmirdi.

-Elə xanım Kapitonova da bu məqamdan danışır:

- Biz ona ürək-dirək verirdik, narahat olmamasını xahiş edirdik. Amma əksinə, o bizi sakitləşdirirdi ki, bütün bunlar ötüb gedəcək, zaman kimin kim olduğunu üzə çıxaracaq. Cavan idi, amma müdrikcəsinə deyilmiş bu sözlər sonradan öz həqiqətini tapdı...

Mövcud olduğu 72 il ərzində bu institutun on minlərə məzunu olub. Aralarında gələcəyin nazirləri də olub, tanınmış diplomatları, iş adamları da. Amma bu institutu bitirmiş bircə prezident var. Və bu institut bununla fəxr edir. Söhbət Azərbaycan prezidentindən, İlham Əliyevdən gedir. Bu gün onun ad günüdür...

...

...