Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir rəhbər şəxs işdən azad olunub.

Unikal.org-un "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) tabeliyində fəaliyyət göstərən internet provayder "Bakinternet" şirkətinin rəbəri Seymur Yusifov işdən azad olunub.

S.Yusifovun işdən çıxarılmasının səbəbi provayderin müştərilərindən daxil olan şikayətlər olub. Bir neçə gün öncə yaradılmış İşçi Qrup şikayətləri və vətəndaşlara göstərilən internet xidmətinin keyfiyyətini araşdırıb. Nəticə yeni rəhbərliyi heç qane etməyib və S.Yusifov öz postu ilə vidalaşmalı olub.

Qeyd edək ki, bir neçə gün öncə BTRİB-in tərkibində yaradılan işçi qrup Bakı şəhəri üzrə xidmət göstərdiyi bütün ərazilərdə yeni genişzolaqlı internet şəbəkəsinin qurulması ilə bağlı fəaliyyətə başlayıb. Bu şəbəkənin qurulması nəticəsində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq və yeni infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan verəcək.