"Banklar acgözlüklərini kənara qoysunlar, insanlardan kredit borclarını 1.05 məzənnə ilə geri alsınlar".
Bu fikirləri Unikal.org-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib. O qeyd edib ki, hazırda elə bir vəziyyət yaranıb ki, insanlar dollarla olan kreditləri ödəyə bilmirlər: "Görün, nə qədər insan işsiz qalıb. Bəziləri deyir ki, insanların banklara yazığı gəlməlidir. Mən belə düşünmürəm. Banklar valyutanı Mərkəzi Bankdan 3.5 faizlə alırlar. Kredit verəndə ən azı 20 faizlə verirlər. Hesablayanda 7 dəfə artıq rəqəm alınır. Ən azı 700 faiz gəlir götürürlər. Bu narkotikadan gələn gəlirin həcmindən də artıqdır. Buna görə də banklar kreditləri 1.05 məzənnə ilə geri ala bilərlər. Səviyyəsiz insanlar deyirlər ki, insanlar bilə-bilə dollarla kredit götürüblər. Məzənnə 1.54 olduqdan sonra banklar kredit götürmək istəyən insanların qarşısında tələb qoyublar ki, ya dollarla götürməlmisən, ya da kredit vermirik".
Millət vəkili vurğulayıb ki, çətin vəziyyətdə olan bankları elə özləri bu duruma salıblar: "Deputat həmkarım Vahid Əhmədov dollarla olan kreditlərin köhnə məzənnə ilə qaytarılması istiqamətində Nazirlər Kabineti və Mərkəzi bankla söhbət aparımışdı. Hətta razılığa da gəlmişdilər. Son anda Elman Rüstəmov bildirdi ki, bu mümkün deyil. Çünki banklar Elman Rüstəmova təzyiq etmişdilər. O banklar çətin vəziyyətə düşüblər ki, həmin banklarda hərc-mərclikdi. Bankı öz dədələrinin malı hesab edib istədikləri vaxt şübhəli əməliyyatlara baş qoşub bankı ağır vəziyyətə salıblar".
Həsən Babayev