Hüseynə görə 500 nəfər qapıya yığışmışdı.

Unikal.org xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aparıcı Kamran Həsənli eksklüziv açıqlamalar verib.

Tanınmış aparıcı mərhum Hüseyn Dərya ilə bağlı maraqlı məlumatlar verib:

"İlk dəfə "Sizin saat" verilişinə çıxan və sonra daha da məşhurlaşan insanlar çoxdur: Tünzalə, Abbas, rəhmətlik Hüseyn Dərya, Ədalət, Eyyub, İradə və s. Mən Bülbül adına məktəbi, konservatoriyanı bitirmişəm deyə, o verilişi mənə həvalə etdilər. Hüseyn Dərya bir dəfə bizim efirə çıxdı, birdən-birə məşhurlaşdı. Hüseyn birinci dəfə bizim verilişə gələndə biz operatorumuzun "krassovka"sını çıxarıb ona geyindirdik, çünki o, efir vidində deyildi, kasıb adam idi. O, canlı efirdə 2 rep dedi. Biz efirdən çıxanda mühafizəçi dedi ki, Kamran müəllim, bayırda 500 nəfər yığışıb. Bir verilişdən sonra Hüseyn Dəryanın fanatları yarandı və Azərbaycanda rep inkişaf etdi".

Kamran Həsənli Hüseyn Dəryanın ilk konsertində yaşadığı şoku dilə gətirib:

"Hüseyn Dərya əl oyunları idman sarayında konsert verəcəkdi. Mənə dedi ki, Kamran, mən sənin verilişinə çıxmışam, istəyirəm ki, konserti sən açasan. Mən də dedim ki, toydayam, alınmır, dedi cəmi 10 dəqiqəlik gələrdin. Dedim yaxşı, gələrəm. Fikirləşirdim ki, Hüseyndir də, dünən 2 dənə rep deyib, 500 adam yığışmışdı, 500 də artıq olar yəqin. Əl oyunları sarayı da 5000 adam tutur. Stadiona yaxınlaşanda gördüm ki, polis hər yeri bağlayıb. İçəri girəndə şoka düşdüm. Uşaqlıqda gördüyüm "Bitlz" konsertlərindəki mənzərənin şahidi oldum. Saç yolan gənc qızlar, oğlanlar yerdə uzanmışdılar. Düşündüm ki, Azərbaycanda da belə şey ola bilərmiş. Sarayda səhnə qurulmamışdı, Hüseynin pulu da yox idi ki, səhnə qursun. Mən "Hüseyn Dəryaaa..." deyəndə, stadionda, ömrümdə eşitmədiyim yüksək səs desibeli yarandı. Sonra rep daha da ictimailəşdi, ardınca meyxana gəldi".

Teleməkanın sevilən siması bəzi həmkarlarını tənqid edib:

"Veriliş aparmaq xətrinə aparıcılıq etmək olmaz. Əvvəlcə o verilişin konsepsiyasını beynində hazırlamalısan, nə demək istədiyini dəqiqləşdirməlisən, sonra efirə çıxmalısan. Evdə, küçədə danışılan məsələni efirdə müzakirə etməlisən".