Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanı qəbul edib.

Unikal.org xəbər verir ki, qəbul zamanı iki ölkə arasında bir sıra məsələlər müzakirə edilib. 
Tatyana Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və işlərində uğurlar arzulayıb.

Tatyana Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman Prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırlayıb. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirib.

T.Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlıq üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını deyib. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf mövzusunda keçirilən konfransın önəmini qeyd edib.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Tatyana Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlət başçısı Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili elan olunduğunu vurğulayaraq bu sahədə ölkədə böyük işlərin görüldüyünü qeyd edib. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlət başçısı qeyd edib ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir.

Dövlət başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.