Xəbər verdiyimiz kimi, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat dversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Image result for üzeyir cəfərovMəsələ ilə bağlı Unikal.org-a münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, təxribat Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib:

"Ermənistanının bu dəfəki təxribatı iki ölkənin sərhədində baş verib. Əgər əvvəlki dövrlərdə belə hadisələr işğal olunmuş ərazilərimizdə baş verirdisə, hazırda situasiya başqadır.
Bu təxribat da Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib. Məlum olduğu kimi Serj Sarkisyan Sankt-Peterburq şəhərindən ölkəsinə çox məyus qayıtdı. Ermənistan nümayəndəsinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsi verilməsi prossesi yenidən 2017-ci ilin aprelinə qədər təxirə salındı. Bundan əlavə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti ilə bağlı çox tənqidi fikirlər səsləndirib. Rusiya Qazaxıstan və Belarusiyanı Azərbaycanın yaxın müttəfiqi sayır.
Ekspert bu cür hadisənin ATƏT-in Minsk Qrupu Həmsədrlərinin marağında da olduğunu vurğulayıb:
"Həmsədrlər bilərəkdən cəbhədəki vəziyyətin gərginləşməsinin tərəfdarı idilər ki, iki ölkənin dövlət başçıları bir araya gəlsin. Almaniyada keçirilən Samit öncəsi prezidentləri görüşdürə bilmədilər. Amma onlar iki ölkənin xarici işlər nazirini bir araya gətirməklə kifayətləndilər. ATƏT üçün bu görüşün baş tutması son dərəcədə vacib idi. Yəqin ki, bir neçə saatdan sonra ATƏT-in hansısa narahatçılığı ilə bağlı başdansovdu bəyanatın şahidi olacağıq. Çünki bu baş verənləri onların vicdanına buraxmaq lazımdır. Ermənilər bu hadisədə ciddi itki veriblər. Təəssüf ki, bu hadisə zamanı əsgərimizin də itkin düşməsindən söhbət gedirsə, deməli döyüş itkimiz də var. Bunların hammısı gözlənilən idi. Nə qədər bu münaqişə öz həllini tapmayıb lokal xarakterli toqquşmalar olacaq.
Ü.Cəfərov bundan sonra Ermənistan Azərbaycan ordusu arasında hərbi toqquşmanın geniş vüsət alacağına inanmır:
"Bunun geniş miqyaslı döyüşlərə keçməsini istisna edirəm. Çünki, Azərbaycana bu əsla lazım deyil. Azərbaycan heç zaman Ermənistanın bu tip təxribatına getməyəcək. Əgər lazım olsa Azərbaycan işğal olunmuş ərazilərinin azad olunması üçün lazımi addım atacaq. Ermənistanın indiki təxribatı bir neçə saat sonra sakitləşəcək və bu diplomatların öhdəsinə keçəcək. Bəyanatlar, narahatçılıqlar bildiriləcək və bu şəkildə hadisələr davam edəcək.

Amid Əyyuboğlu