"Bu gün Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdən narahatıq.

Unikal.org xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

O bildirib ki, bu ilin aprel ayında təmas xəttində Ermənistan və Azərbaycan arasında hərbi toqquşma oldu və bu hadisədə xeyli sayda əsgər, hərbiçilər həyatını itirdi.

"Rusiya daxil olmaqla, bir sıra ölkələrin liderlərinin səyləri nəticəsində bu hərbi toqquşmanın geniş miqyas almasına imkan verilmədi. Dövlətlər arasında yenidən atəşkəs əldə edildi. Amma bu günki olay yenidən atəşkəsin pozulmasına gətirib çıxarıb. Nəticədə xeyli əsgər və hərbiçi həyatını itirib. Hesab edirik ki, KTMT-yə üzv dövlətlərin ərazisində bu cür hərəkətlər yolverilməzdir və bu günki hərbi toqquşmadan ciddi narahatçılığımızı ifadə edirik.

Qeyd edək ki, bir müddət əvvəl Nikolay Bordyuja deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
"Bizim təşkilat bu münaqişənin hərbi yolla həllini görmür. Bütün beynəlxalq təşkilatlar kimi, KTMT də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Əminəm ki, digər beynəlxalq institutlar Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməməlidirlər.
O deyib ki, ATƏT-in Minsk Qrupu hər iki tərəfi qane edəcək həll yolunun tapılması istiqamətində çalışır: "Biz təbii ki, təmas xəttində baş verən hadisələrdən xəbərdarıq. Sirr deyil ki, təmas xəttində baş verən atışmalar, Ermənistan tərəfindən insan tələfatlarının sayı barədə məlumatlar alırıq. Biz bu məlumatları KTMT-ə üzv dövlətlərə göndəririk. Çünki həmin dövlətlərin rəhbərləri və silahlı strukturları orada nələrin baş verdiyini bilməlidirlər. Lakin münaqişənin nizamlanması prosesinə müdaxilə edə bilmərik. Buna hüququmuz yoxdur. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mandatı yoxdur".