18 Noyabr 2019
"Azərbaycanda banklar çökə bilər" - Deputatdan AÇIQLAMA
"Azərbaycanda banklar çökə bilər" - Deputatdan AÇIQLAMA KRİMİNAL 20:48 2016-03-13

 
"Dollarla kredit problemini yalnız bir qurum üzərinə atmaq düzgün deyil. Problemin ağırlığının bir hissəsi banklar, bir hissəsi hökumət, bir hissəsi isə əhalinin üzərində olmalıdır. Belə olsa, problemi həll etmək daha asan olar".
 
Unikal.org xəər verir ki, Bunu SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, bu sahədə mövcud çatışmazlıqları hüquq müstəvisində, Konstitusiyanın tələblərinə uyğun, lazım olsa Mülki Məcəlləyə dəyişiklik etməklə aradan qaldırmaq olar: "Mülki Məcəllənin konkret müddəalarından çıxış edərək, bu prosesin yumşaldılması istiqamətində addımlar atılmalıdır. Konstitusiya Məhkəməsinin qərarının II hissəsində bankların bilavasitə vətəndaşlara güzəşt etməsi məsələsi tövsiyə olunur. Sözügedən güzəştlər haqqında düşünülməlidir. Misal üçün 1000 dollara qədər kreditlərlə, 10000 dollar və ondan çox məbləğdə kreditlər arasında yanaşma tərzi fərqli olmalıdır".

Ə. Məsimli qeyd edib ki, sözügedən problem daha çox pensiyaçılara təsir edir: "Məktubların birində qeyd olunur ki, 155 manat pensiya alan şəxs xəstəxanalardan birində müalicə almaq üçün 700 dollar kredit alıb. Həmin şəxs 155 manatlıq pensiyasının 60 manatını bilavasitə borcun qaytarılmasına sərf edirdi.  Lakin I devalvasiyadan sonra o, 80 manat, II devalvasiyadan sonra isə 120 manat ödəmək məcburiyyətində qalıb. Belə çıxır ki, 155 manat alan pensiyaçı ay ərzində 35 manatla ötüşməlidir. Bu mümkün deyil. Düşünürəm ki, bu cür hallar araşdırılmalı, ağırlığın bir hissəsini banklar öz üzərinə götürməlidir. Hansı kreditlər ölü vəziyyətində, qaytarılması mümkün deyil onları silmək də olar. 5000 dollara qədər kreditlər 1.05 manat nisbəti ilə qaytarıla bilər. Ondan yuxarı kreditlərin faizləri aşağı salına bilər, dollarla olan borclar manata çevrilə bilər. Sözügedən problemin həlli ilə əlaqədar mexanizmlər də hazırlana bilər".

Millət vəkili vurğulayıb ki, dövlət başçısının fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məsələlərin həllində müsbət rol oynaya bilər: "Problemli kreditlər məsələsi ədalətli şəkildə həll olunmazsa, bir müddətdən sonra bankların bir hissəsi çökə bilər. Bank iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi işləməsə, iqtisadiyyat da işləməz. Bunun qarşısını bankların sağlamlaşdırılması ilə almaq olar. Bankların sağlamlaşdırılması isə yalnız problemli kreditlərin həlli məsələsindən keçir. Düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da bu problemin  həllinin sürətləndirilməsi istiqamətində addımlar atacaq".