14 Noyabr 2019
"Spam"lardan necə yaxa qurtaraq?
"Spam"lardan necə yaxa qurtaraq? KRİMİNAL 21:16 2016-03-13

 
Mobil operatorların xidməti sayəsində telefonlara müxtəlif  reklam və elan xarakterli SMS-lərin göndərilməsi haqqında çox yazılıb, çox danışılıb. Sahibinin iradəsi və istəyi xaricində onun elektron rabitə cihazına  göndərilən belə məktublardan - "spam" bəlasından "Azərbaycan" qəzetində də dəfələrlə bəhs edilib.
 
Ötən illər bu barədə bir neçə dəfə qəzetinizin çıxışlarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ümidverici cavablar verərək vəziyyətin reklam haqqında qanuna dəyişiklikdən sonra düzələcəyini bildirirdi. Qanunda dəyişiklik edildi. Amma vəziyyət yenə də dəyişmədi: SMS-lər bir qədər azalsa da, eyni ünvanlardan yenə də mütəmadi olaraq göndərilməkdədir.  Özü də bu mesajlar təkcə reklam xarakterli olmur. Yetər ki, bir dəfə yanlış düymə basılsın - abonent qeyri-ixtiyari ödənişli xidmət sisteminə qoşulur, balansından mütəmadi vəsait silinməyə başlanılır. "Spam" vasitəsilə dələduzluq cəhdlərinə də rast gəlinib. Qısası, "spam" vaxt, əsəb və maddi itki deməkdir.

Sualımız isə belədir: bu halda biz nə etməliyik? Eyni zamanda maraqlıdır: əlaqədar orqanlar, məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə abonentlərinin "spam"dan qorunması üçün konkret hansı addımları atıb, tədbirlər görüb və ya görməyə hazırlaşır? Ümumiyyətlə, "spam"a qarşı mübarizəni qənaətbəxş hesab etmək olarmı?

"Spam" dünyada aktual olan problemdir. Bir sıra ölkələrdə buna qarşı ciddi hüquqi məsuliyyət nəzərdə tutulub. Qanunun tələblərini pozanlar ağır maliyyə cərimələri, hətta həbslə cəzalandırılırlar. Bilmək istərdik, bizdə qanunvericiliyin tələbi necədir?

Yeri gəlmişkən, problemlə əlaqəli başqa bir sualımız da var: əgər mobil operatorlar abonentlərin şəxsi məlumatlarını "spam" sifarişçilərinə təqdim etmirsə, yaxud bu xidməti göstərərkən bundan yararlanmırsa, necə olur ki, vətəndaşlar ünvanlarına yaxın kommersiya obyektlərinin mesajlarını daha çox alırlar?

Xahiş edirik, ya bizi bezdirici "spam"lardan xilas edin, ya da bunun yollarını bizə göstərin.