Bu gün, dekabrın 30-u, İraqın keçmiş prezidenti Səddam Hüseynin asılaraq edam edilməsindən düz 10 il ötdü.

Unikal.org "Russia Today agentliyinə istinadən xəbər verir ki, İraqın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Müvəffəq ər-Rübai həmin edam haqqında danışıb. O qeyd edib ki, Səddam Hüseynin asılmasını şəxsən müşahidə edib. ABŞ prezidenti Corc Buşun edam qərarını dəstəkləməsi barədə suala keçmiş müşavir belə cavab verib:

"Bəli, bu həqiqətdir. Prinsip etibarilə, o (Buş), istənilən tarixə razı idi. Nuri əl-Maliki ilə Buş arasında görüşlərdən biri televiziya vasitəsilə canlı yayımlanırdı. Görüş vaxtı tərəflər Səddamın edamı barədə danışmağa başladılar. Həmin vaxt Buş iraqlı baş nazirdən soruşdu: "Bu adamla nə etmək fikrindəsiniz? Əl-Maliki cavab verdi: "Biz onu edam edəcəyik. Cavab olaraq Amerika prezidenti əlinin baş barmağını yuxarı qaldırdı. Qərarı dəstəkləməyin bundan da bariz əlamətini fikirləşmək çətin olardı.

Qeyd edək ki, Səddam Hüseyn doğma Auca kəndində (Tikrit şəhərinin yaxınlığında) oğullarının qəbirlərinin yanında dəfn edilib.