İlhamə Quliyevanın qəfil ölümü müəyyən şübhələrə yol açıb. Müğənninin ölümündən bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilməsi, onun zəhərlənməsi ilə bağlı iddiaların araşdırılmasının İ.Quliyevanın səhhətinə mənfi təsir etməsinə dair iddialar var.
Unikal.org musavat.com-a istinadən bildirir ki, müğənni ölümündən qabaq çox gərgin olub. O, yaşadığı mənzildə çox ciddi şəkildə dinləmə qurğusu axtarışları apartdırıb.
Müğənninin ətrafında olan şəxslər onu mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə inandırıblarmış. Deyiblər ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər sonradan mətbuata ötürülüb. Bundan çox əndişələnən müğənni mənzilə dinləmə cihazı axtaran mütəxəssislər gətizdirib. İddiaya görə, onun halı bu məsələyə görə çox gərgin olub. 
Həmin ərəfələrdə mətbuatda İ.Quliyevanın ərizəsi əsasında həbsə alınan Mehriban Hüseynovanın sensasiyalı məktubu dərc olunmuşdu. M.Hüseynova məhbəsdən "Yeni Müsavat"a göndərdiyi məktubda İ.Quliyevanın onu tutdurmasının səbəbinə də aydınlıq gətirmişdi, onun efirdə yaltaqlandığı şəxslər haqqında evdə nalayiq ifadələr işlətdiyini iddia etmişdi.
M.Hüseynova İ.Quliyevanın mənzildə bu kontekstdə dilə gətirdiyi fikirlərin səs yazısının onda olduğuna da işarə etmişdi. Lakin İ.Quliyeva öz kanalları vasitəsi ilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs yazısı M.Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı İ.Quliyevaya rahatlıq vermirmiş. Ətrafının "mənzildə "böcək" var" fikirləri və bu narahatlıqları müğənninin son günlərində çox gərgin anlar yaşamasına səbəb olubmuş. Quliyevanın ətrafında olanların onu belə bir fikrə inandırmaqda məqsədlərinin nə olması haqda indi yalnız ehtimallar irəli sürmək olar.