Elxan Şahinoğlu: "Terrorçu qüvvələr Türkiyə Azərbaycan hərbi siyasi ittifaqının güclənməsinə mane olmaq istəyir" 

Türkiyə prezidentinin Azərbaycana səfər öncəsi ikinci terror hadisəsi törədildi. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Unikal.org saytına müsahibəsində terrorun törədilməsində Rusiya faktoru və digər maraqlı məqamlara toxunub.

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri öncəsi ikinci terror hadisəsi törüədildi. Sizcə bu təsadüfdür, yoxsa əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir?

-Bu artıq təsadüfə oxşamır. Çünki birinci dəfə Ərdoğanın Azərbaycana səfərinə bir gün qalmış terror hadisəsi baş veridi. O zaman bunu başqa səbəblərlə izah etmək olardı. İkinci dəfə yenə Azərbaycan səfər öncəsi Ankarada terror törədilibsə, burada şübhələnməyə ciddi əsaslar yaranır. Görünür terrorçu təşklatın arxasında dayanan qüvvələr Türkiyə-Azərbaycan hərbi siyasi ittifaqının güclənməsindən, enerji resurslarının Türkiyə üzərindən Avropaya çatdırılmasından narhatdırlar. Bu cür üsullarla Ərdoğanın Azərbaycan səfərinə sanki mane olmaq istəyirlr. Ancaq son gələn məlmatlara görə  Türkiyə prezidenti bu dəfəki səfərdən imtina etməyəcək. Çünki bu dəfə də səfər təxirə salınsa, belə çıxacaq ki, PKK terroru və onun arxasında dayanan güclər qarşısında Ərdoğan bir qədər geri çəkildi. Ona görə  Ərdoğan düzgün qərar verib. 
 
-Müəyyən qruplar Ankarada terrorun törədilməsində Rusiya faktorunu ön plana çəkirlər. Siz bu barədə nə düşünürsünüz?
 
-İddia etmirəm ki,  terrorun arxasında Rusiyadakı hansısa mərkəzlər durur. Ancaq faktlar başqa məqamlardan xəbər verir. Son zamanlar Rusiyada müəyyən kəşfiyyat xidmətləri PKK  və Suriyadakı silahlı kürdlərlə əlaqələri gücləndiriblər. Onlara siyasi, hərbi və mənəvi dəstək verirlər. Rusiya mediası da PKK-nı sadəcə inqilabçı təşkilat kimi qələmə verir. Türkiyəni zəiflətmək və aşağılamaq üçün aylardır Rusiya mətbuatında reportajlar yayımlanır. Bu ondan xəbər verir ki, Rusiya düyməyə basmasa da, bu terrorçulara dəstəyini artırıb. Belə  çıxır ki, Rusiya terrorun törədilməsində şərikdir. Baxmayaraq ki, Rusiya prezidenti başsağlığı verdi. Çıxışında bir qədər də qabaqdan gəlmişlik etdi. Yəqin ki, Türkiyə hökuməti Rusiyadan tələb edəcək ki, silahlı kürdlərə dəstəkdən əl çəksin. 

-Ərdoğnın bu dəfəki Azərbaycana səfərinin təxirə salınmayacağı ilə bağlı xəbərlər yayılıb. Bu dəfəki səfərdən gözləntilər nədən ibarətdir?
 
-Səfər zamanı bir çox məsələlər müzakirə olunacaq. İki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələrin bir az da  gücləndirildməsinə ehtiyac var. Enerji və nəqliyyat layihələri ətrafında yenidən fikir mübadiləsinin aparılacağı gözlənilir. TAP və TANAP layihələri artıq  işlənmə mərhələsindədir. Cari vəziyyətimizdə Tükiyədə kapital qoyuluşlarına ehtiyac var. Yəqin ki, bütün mövzularda ciddi fikir mübadisi aparılacaq.  

Söhbətləşdi: Həsən Babayev