Xəbər verdiyimiz kimi Rusiyanın Şoçi şəhərində "KVN - 2017 festivalı keçirilir. Burada Azərbaycan da öz komandası ilə təmsil olunur. Yarışmaya qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Separatçı rejimin "С хлебом и солью (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib.

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. "С хлебом и солью dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Məsələyə Unikal.org vasitəsilə münasibət bildirən "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, əməkdar artist Tahir İmanov qeyd edib ki, Gənclər və İdman Nazirliyinin kuratorluğu ilə Azərbaycanı "Bakı Yığması komandası təmsil edir: "Mən beynəlxalq KVN-dən uzaqlaşmışam. Əgər qondarma rejimin komandası orada iştirak edirsə, Azərbaycanı təmsil edən komanda ilk növbədə öz etirazlarını bildirməli idi. Onların etiraz etmələri ilə bağlı məlumatım yoxdur. Yəqin ki, bildirərlər. Ən azından Azərbaycanı təmsil edirlər. Söhbət separatçı respublikanın həmin yarışmada iştirakından gedir.
Təssüflər olsun ki, mən indiyədək Azərbaycan komandasının etirazını eşitməmişəm. Düşünürəm ki, ilk olaraq onlar bu barədə açıqlama verməli idilər. Təəssüf olsun ki, iki gün keçməsinə baxmayaraq nə Azərbaycanı təmsil edən komandanın, nə də onlara kuratorluq edən dövlət qurumunun bir nümayəndəsinin səsini eşitmədik. Bir məsələ olan kimi deyirlər ki, "bizim buna aidiyyatımız yoxdur. Yaxşı, Sizin nəyə aidiyyatınız var? Cavab verin dəə...!

Keçmiş KVN-çi həmçinin vurğulayıb:

"Əgər bizim vaxtımızda Soçidə 20-25 komanda iştirak edirdisə, hazırda bunun sayı 2 mindən yuxarıdır. Axı onların Qondarma Dağlıq Qarabağ Respublikasının komandasına da ehtiyacı yoxdur. Rusiya rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Deməli qondarma Dağlıq Qarabağ respublikasını subyekt kimi tanımır. Əgər, bu yarışmanın təşkilatçısı özünü Rusiya Federasiyasının subyekti hesab edirsə, onlar öz dövlətinin mövqeyini nəzərə almalıdırlar. Bu zaman qondarma qurumun nümayəndələrini niyə KVN yarışmasına dəvət edirlər?

Tahir İmanov vurğulayıb ki, cüzi də olsa onun sözügedən komandaya aidiyyatı olsaydı heç bir qurumun münasibətini gözləmədən, şəxsi vəsiti ilə bilet alıb təcili Soçiyə gedərdi: "Gedib bir başa danışıqlar aparardım. Öz etirazımı bildirərdim. Aleksandır Maslyakovun kompaniyası niyə Rusiya dövlətinin mövqeyinin əksinədir?

T.İmanov Azərbaycanı təmsil edən yeni KVN komandasının onların təcrübəsindən yararlanmadığını da bildirib:

"Bu komanda heç vaxt bizim təcrübəmizdən yararlanmayıb və ən azından bir cəhd də göstərməyib. Şəxsən mənə heç zaman müraciət etməyiblər. Müraciət etsəydilər təbii ki, mənim münasibətim mənfi olmazdı. Çünki, bir qurum Azərbaycanı təmsil edirsə, mən onlara necə mənfi cavab verə bilərəm? Onlara istənilən vaxt yüksək səviyyədə öz köməkliyimizi göstərərik. Mən KVN sahəsində əldə olunan təcrübəni, biliyimi o komandaya öyrətməyə hazıram.

Qeyd edək ki, Azərbaycanı təmsil edən komandanın kapitanı Rəşad Əzizovdur. 

Amid Əyyuboğlu