""Pensiya islahatı konsepsiyası"nın reallaşdırılması, yaxın və uzaq perspektivdə pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılması məqsədilə qanunverciliyə dəyişikliklər ediləcək".

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O qeyd edib ki, bu sahədə Fond aidiyyatı qurumlarla birgə dəyişiklik layihəsi hazırlayıb: "Hazırda layihə hökumətdə müzakirə olunur. Hesab edirəm ki, qəbul ediləcək qərarlar sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına və bu əsasda vətəndaşların pensiya təminatının daha da gücləndirilməsinə öz töhfəsini verəcək".

Elman Mehdiyev bildirib ki,  yeni formulun tətbiqi həm ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin adekvatlılığının təmin olunmasına imkan yaradacaq.

 Onun sözlərinə görə, ilk növbədə qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur: "Həm də dövlətin öhdəlikləri ilə, sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək".