Unikal.org-un "İş və şəxsi həyat" rubrikasının budəfəki qonağı Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadədir. 

Millət vəkili geniş müsahibəsində iş və şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.

"Ya tibblə, ya da siyasətlə məşğul olmalıydım və öz seçimimi etdim"

-Asim müəllim, tibb sahəsində təhsil almısınız və necə oldu ki, siyasətə qatıldınız?

-Mənim siyasətçi olmağım bilavasitə, Azərbaycanın müstəqilliyi və ölkəmizə qarşı yeridilən haqsız müharibə ilə əlaqədardır. Uzun illər Moskvada yaşamışam. Nevrologiya sahəsi üzrə mütəxəssisəm. Azərbaycanda müharibə başlayanda artıq, xarici ölkədə qala bilmədim və vətənimə qayıtdım.
Tibb və siyasət tamamilə fərqli sahələrdir. İki ixtisası birləşdirmək mümkün deyil. Ya tibblə, ya da siyasətlə məşğul olmalıydım və öz seçimimi etdim. 25 ildən artıqıdır ki, sırf siyasətlə məşğulam. Siyasətdə olmağımın biləvasitə hədəfi Azərbaycanının müstəqilliyinin qorunub saxlanılmasıdır. Həmçinin, Azərbaycan dövlətinin müasir, güclü və demokratik dövlət olmaq hədəfidir.

-Tələbəlik həyatınızdan danışardınız...

-Uşaq yaşlarında onu öyrənmişəm ki, insanda əmək önəmli amildir. Bəxtim onda gətirib ki, SSRİ zamanı ən yaxşı və savadlı müəllimlərin, alimlərin tələbəsi olmuşam. Tibbdə ciddi uğur əldə etmək üçün mütləq böyük bir məktəb keçməlisən. 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil almışam. Həmçinin, dünya səviyyəli alimlər və həkimlərin yanında çalışmışam, onlarla birgə inkişaf etmişəm. Əslində tibb elm deyil, sənətdir. Tibbdə ciddi nailiyyət əldə etmək üçün böyük məktəb keçmək lazımdır. Elm sahəsində işlərim nevrofiziologiya-psixofiziologiya üsullarında insan davranışı, beynin müxtəlif nevroloji xəstəliklərindən onların tətbiqi və diaqnostikası ilə bağlı olub.



-Siyasətə qədər harada işlədiniz?

-Azərbaycana qayıtdıqdan sonra 1992-ci ilin iyun-dekabr aylarında Nevrjloji Psixogen və Psixosomatik xəstəliklər Mərkəzinin direktoru vəzifəsində çalışdım. Bu, bilavasitə ixtisasım ilə bağlıdır. Siyasətə gələndən sonra siyasət məcbur elədi ki, mən siyasi proseslərə qatılım. Azərbaycan gənc bir dövlət kimi tələb elədi ki, bu prosseslərdə öz sahəmdən uzaqlaşım.

-Hazırda Tibb sahəsində mütaliyələr edirsinizmi?

-Təbii ki, edirəm.

-Hazırda müalicə etdiyiniz insanlar varmı?

-İki işlə birgə məşğul olmaq olmaz. Siyasətə qatılana qədər müalicə etdiyim insanlar olub. Onlar arasında məşhur insanlarda var.

-Tanınmışlardan kimisə müalicə etmisinizmi?

-(Gülür) Bilirsiniz ki, həkim heç vaxt öz pasientləri barəsində ictimai məlumatlar yaymamalıdır.

-Ölkəyə qayıtdıqdan sonra AXC-də təmsil olunmusunuz. Bu, necə baş verdi?

-Ölkəmizin müstəqilliyi uğrunda Kommunist Partiyasına, Sovet İttifaqına qarşı mübarizə aparan qüvvə Azərbaycan Xalq Cəbhəsi olub. AXC qalib gələndən sonra, 1993-cü ilin aprel-iyul aylarında Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda prezidentin xüsusi nümayəndəsi oldum. Danışıqlar prosesində bilavasitə iştirak etdim.

"Ermənistanın bütün iqtisadiyyatı və onun əsas istiqamətləri sırf Rusiya tərəfindən özəlləşdirilib"



-Deyirlər ki, o vaxt düşmən ölkə işğal etdiyi torpaqları da qaytarmaq istəyirdi...

-O vaxt torpaqlarımız tam işğal olunmamışdı. İlk növbbədə o vaxt ATƏT və düşmən ölkəylə danışıqlar Kəlbəcər, Şuşa və ilk növbbədə Dağlıq Qarabağın statusunun artırılmasından gedirdi. Sadəcə olaraq, hər zaman danışıqlarda hansısa bir irəlliləyiş olan zaman, nələrsə baş verirdi. Xüsusilə xatırlatmaq istərdim ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan erməni xalqına müraciət etdi ki, "Biz işğal olunmuş torpaqları qaytarmalıyıq və sülh əldə etməliyik. Bundan sonra Petrosyanı devirdilər.
Bundan sonra ABŞ prezidenti danışıqlara başladı, tərəfləri sülhə məcbur etməyə çalışdı. Ohanyan Ermənistan parlamentinə girdi və Ermənistanın Baş Naziri, Parlamentin spikeri, Müdafiə Naziri öldürüldü. Bununla da əldə edilən razılaşmalar heç oldu.
Xatırlatmaq istəyirəm ki, Fransa prezidenti danışıqlar apardı. Bu, Ermənistan prezidentinin ciddi narahatlığına səbəb oldu və nəticədə o, zalı tərk etdi. Danışıqların müsbət yönə getdiyi bir zamanda, sülhün əldə edildiyi anda bu proses pozuldu. Artıq, bu gün Azərbaycan-Ermənistan münaqişəsindən danışırıqsa, tamamilə fərqli bir mənzərə yaranıb. Belə ki, Ermənistanın bütün iqtisadiyyatı və onun əsas istiqamətləri sırf Rusiya tərəfindən özəlləşdirilib. Ermənistan Silahlı Qüvvələri artıq Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olub. Ermənistanın Hava Hücumundan Müdafiə sistemi artıq Rusiyaya məxsusdur. Deyə bilərik ki, Ermənistan öz müstəqilliyini itirib və hərbi bazaya çevrilib. Ermənilər ölkəni tərk edir. 3,5 milyon əhalisi olan Ermənistanın bu gün 2 milyondan az əhalisi var. Bəlkə beynəlxalq qurumlar, ATƏT kömək etsin ki, biz danışıqları Ermənistanı əsl sahibi ilə aparaq.

-Danışıqlar yolu ilə problemin həlli mümkündürmü?

-Təbii ki, torpaqlarımızın geri qaytarılması mümkündür. Mən münaqişənin həllini sülh yolu ilə görmürəm. Nəyə görə biz müharibə variantının əleyhinəyik? Müharibə variantının əleyhinə çıxmağımızın əsas səbəbi bizim də itkilərimizin olmağıdır. Hər bir azərbacanlının həyatı mənim üçün çox dəyərlidir və bu əvəz olunmayan amildir. Azərbaycan bu müharibədə bir sıra qəhrəman oğul və qızlarını itirib. Biz sadəcə səbr etməliyik. Unutmaq olmaz ki, hər münaqişənin həlli sülh ilə nətcələnir. Çalışmalıyıq ki, sülh danışqları yolu ilə Azərbaycanın işğal edilən ərazilərini azad edək. Ancaq bunun müddəti yoxdur. Çünki hər bir itirilən şəxs Azərbaycan xalqının böyük itkisidir.

"Mən istəmirəm ki, hansısa fikir, ifadələrim keçmiş məsləkdaşlarıma qarşı istifadə olunsun"

-AXC-də fəaliyyət göstərdiniz. Necə oldu ki, partiya yaratmaq qərarına gəldiniz?

-Bu barədə çox danışmaq istəmirəm. Mən istəmirəm ki, hansısa fikir, ifadələrim keçmiş məsləkdaşlarıma qarşı istifadə olunsun. Əslində 2005-ci ildə gənclərin tələbləri ilə yeni partiya yaratmaq qərarına gəldik və 2005-ci ildən Demokratik İslahatlar Partiyası yaradıldı. Partiyanın yaranmasında əsas məqsəd fəqli siyasi mədəniyyət nümayiş etdirməkdir. Əsas bəyanatlarımızdan biri "azərbaycanlı öz millətinin düşməni deyil idi. Azərbaycanlı hətta fərqli fikirə malikdirsə də, azərbaycanlıya bir qardaş kimi baxmalıdır. Fikir mübadiləsi apara, rəqib ola bilər, ancaq düşmən isə əsla. Bu, olduqca mühüm amildir. Biz gənc ölkəyik. Müəyyən qədər Sovet İttifaqından "kim səninlə deyil, sənin düşmənindir kimi bolşevik təfəkkürlü fikri Azərbaycan siyəsi mühitinə və mədəniyyətinə də sıçrayıb. Düşünürəm ki, bu fikirdən qurtulmalıyıq. Çalışmalıyıq ki, Azərbaycan müasir, demokratik dövlət olsun. Müstəqilliyimizi çox çətinliklə qazanmışıq və bunu qorumalıyıq. Bununla yanaşı müasirlik üçün bilikli olmaq lazımdır. Ölkəmizin ən böyük hədəflərindən biri yeni təhsil sisteminin formalaşdırılmasıdır. Ölkəmizi müasir ölkə kimi görmək istəyiriksə, bilikli və dünyada gedən çox çətin və ağır rəqabətə hazır olmalıyıq. Onun üçün bizim əsas məqsədimiz ilk növbədə bilikli gənc nəslin yetişməsidir. Azərbaycan xalqının unikal mədəniyyəti var. Ölkəmiz hər zaman dünya ilə Şərq mədəniyyətinin sintezini yarada bilib. Bir sözlə, mədəniyyət Azərbaycan xalqının və dövlətinin inkişafında əsas aparıcı rol oynayır.

-AXC-dəki keçmiş yoldaşlarla münasibət necədir?

-Onların əksəriyəti bu gün parlamentdə təmsil olunurlar. Bizim partiyanın şüarı odur ki, hər bir azərbaycanlı bizim qardaşımızdır. Bizim düşmənlərimiz Azərbaycanlıları qətlə yetirən hərbi cinayətkarlardır.

-Necə oldu deputat olmağa qərar verdiniz?

-Siyasətlə məşğul olan zaman düşünürük ki, Azərbyacanda fəaliyyət gösətərən siyasətçi parlamet siyasəti təcrübəsinə malik olmalıdır. Bu da özü-özlüyündə uzun illərdən bəri əldə edilmiş təcrübənin nəticəsidir.

-Deputat olmaq çətindir?

-Məsuliyyətdir. Bunu heç vaxt unutmaq olmaz. İlk növbədə, hər bir millət vəkilinin dövlət qarşısında olan məsuliyyəti ilə yanaşı seçiciləri qarşısında olan məsuliyyəti var. İşimizin böyük bir hissəsi insanların probelmilərinin köklü şəkildə həlli ilə bağlıdır. Partiyamızın qərargahı hər zaman açıqdır. İnsanlar müraciət edə bilirlər. Onların problemlərini həllinə çalışırıq. Biz məmurlarla xalqın arasında vasitəçi funksiyasını daşıyırıq. Xalqın sözünü məmurlara çatdırmağa çalışırıq.

-İşlərin çoxluğundan yorulmursunuz?

-Yox. Qəti yorulmuram. Mən uşaqlıqdan əməyə öyrəşmişəm. Mütəxəsis kimi deyə bilərəm ki, zeyni əmək heç də fiziki əməkdən az enerji tələb etmir.

-Gərgin iş rejimində ailənizə vaxt ayıra bilirsinizmi?

-Evdəkilər buna öyrəşiblər.

-Seçiciləriniz Sizdən razıdırlarmı?

-Seçki prosesində də geniş görüşlərimz olur. İnsanlar tanıyır ki, haradayıq və onları harada dinləyəcəyik. Onların bütün problemlərini həll etdiyimi deyə bilmərəm. Bacardığım qədər kömək etməyə çalışıram.

-İnsanlar ən çox nə ilə bağlı müraciət edirlər?

-Müraciətlərin mövzusu fərqlidir. Əsas sosial problemlərlə bağlı müraciətlər olur. Artıq problemlərin mahiyyəti də dəyişib. Ölkənin iqtisayyatı inkişaf etdikdən sonra müəyyən problemlər öz həllini tapdı. İş, maliyyə problemi, məmur özbaşınalığı ilə bağlı müraciətlər olur. Məmurların vətəndaşları dinləməməyi, onların probleminə diqqətlə yanaşmamağı sonda millət vəkili vasitəsilə haqq-ədaləti axtarmağa çalışırlar.

-Sizcə, niyə məmurlar belə hallara yol verirlər?

-Bəzi məmurların davranışı bizə Sovet İttifaqından miras qalıb. Bu, hər zaman belə olub.

-Tanınmış şəxslər, partiya sədrləri belə fikir səsləndirirlər ki, məmurlar yığdıqları pulları ortaya qoysalar, ölkədə bir çox problemlər öz həllini tapar? Bəs, Siz necə düşünürsünüz?

-Təbii ki, bunun müəyyən təsiri olar. Davamlı inkişaf üçün hər kəsin əməyi lazımdır. Əməklə məşğul olmaq istəyənlərə şərait yaratmaq lazımdır ki, onların kimlərinsə pulunda gözü olmasın. Hər kəs öz əməyi ilə qazanıb yesə, ölkə daha çox xeyir görər.

-İnternetdə axtarış verdim haqqınızda mənfi yazıya çox az rast gəlmişəm. Bu, nə ilə bağlıdır.?

-(Gülür-RED) Mən hər zaman jurnalistlərin dostu olmuşam.

"Cümə Məscidinə açılan balkon bizimdir"



-Uşaqlığınız harada keçib?

-Mən Bakıda İçərişəhərdə doğulmuşam. Evimiz də oradadır. Cümə Məscidinə açılan balkon bizimdir. İçərişəhər Azərbyacanın tarixi bir mərkəzidir. Buranın özünəməxsus mühiti olub. Bu, özü-özlüyündə mənim inkişafıma təsir göstərib. Mən nə qazanmışamsa, bu, mənim ailə tərbiyəmlə bağlıdır. Ailədə də biliyə, əməyə hər zaman böyük diqqət olub. Mənim valideynlərim çox zəngin olmayıblar. Onların mənə verdiyi ən əsas yüksək təhsil olub. Gözümü açıb evimizdə 50 minlik kitabxana görmüşəm. Bu, mənim inkişafımda əsas amil olub. Dünyaya çıxış məhdud olduğundan Sovet vətəndaşının informasiya qıtlığı var idi. Xarici dilləri bildiyimə görə mən təbii ki, daha çox informasiya əldə etmək imkanına malik olmuşam. İndi internetdən istənilən informasiyanı əldə etmək rahatdı. Bu nöqteyi nəzərdən, bugünkü nəsil çox xoşbəxtdir.

-İçərişəhərdəki eviniz qalırmı?

-Səhv etmirəmsə, o ev hazırda İçərişəhər İdarəetmə Mərkəzidir. Sovet ittifaqı vaxtında şəxsi mülk olmayıb.

-Oradan keçəndə ötən illər yada düşürmü?

-Əlbəttə. Orada camaat məni yaxşı tanıyır. Ancaq tanıdığım çox az adam qalıb orada.

-Qardaş və bacılarınız Azərbacanda yaşayır, ya xaricdə?

-Bacım yoxdur. Qardaşım Amerikada yaşayır.

-Övladlarnız necə?

-Oğlum yoxdur. Qızım və nəvəm var. Qızım ailəlidir və ayrı yaşayır.

-Nəvəyə vaxt ayırırsınzmı?

-Çalşıram. Vaxtım olanda nəvəmlə görüşürəm.

-Nə vaxt ailə qurdunuz?

-70-ci ildə ailə həyatı qurmuşam. Tələbə yoldaşımla evləndim. Bir yerdə təhsil almışıq.

-Xanımınız işləyirmi?

-Həkimdir. Vaxtilə işləyirdi. Hazırda çalışmır.

-Həcc ziyarətinə getmək fikriniz varmı?

-Hər bir müsəlmanın belə bir borcu var. İnşallah baxarıq. Mən fəxr edirəm ki, islam dünyasının birinci dünyəvi dövlətini Azərbaycan xalqı qurub. Sivilizasiyanın ən böyük nailiyyətlərindən biri də dünyəvi dövlət modelidir. Din siyasətdən, təhsildən, dövlət idarəetmə sistemindən ayrı olmalıdır. Din hər hansı bir şəxsin Tanrının qaşısında olan məsuliyyəti ilə bağlıdır. Dinlərdən asılı olmayaraq onun siyasətdə istifadə olunması hər zaman ciddi problemlər yaradır. Azərbaycan ona görə İslam dünyasının tarixi lideri olub ki, dünyəvi dövlət qura bilib. Biz istərdik ki, Azərbaycan bu dəyəri İslam dünyasına işıq saçsın. Bu il Azərbaycan üçün "İslam Həmrəyliyi ilidir. İnanıram ki, Azərbaycan gözəl dəyərini islam dünyasına çatdırmalıdır.

"Bizim yüz illik tarixə malik diasporamız yoxdur ki, bizi müdafiə etsin"

-Azərbaycan diasporası ilə bağlı tənqidi fikirləriniz var idi. Hazırda vəziyyət necədir?

-Azərbaycan diasporası bizim üçün əsas amildir. Ermənilərdən fərqli olaraq azərbaycanlılar və türklər öz vətənlərinə daha çox bağlıdırlar. Xaricdə yaşayan azərbaycanlı çox azdır. Olanlar da, ermənlər kimi 100 illik təşkilatlanma və mübarizə təcrübəsinə malik deyillər. Gənc Azərbaycan dövləti yaradılandan sonra əsas məqsəd Azərbaycanın səsini dünyada ucaltmağa qadir olan qurumların yaradılması idi. Son günlər Azərbaycan diasporası təşkilatlanmağa çalışır. Bununla yanaşı, bilməliyik ki, bizə qarşı mübarizə aparan qüvvələr çox zəngindir, təcrübəlidir və təşilatlanmışdırlar. Bizim yüz illik tarixə malik diasporamız yoxdur ki, bizi müdafiə etsin.

-Sözünüzdən belə çıxır ki, diasporamızın mövcud durumu Sizi qane etmir...

-Bizi o zaman qane edə bilər ki, diasporamız yaşayan ölkələrin hamısı bizim dostumuz və müttəfiqimiz olsun və onlar yaşadıqları ölkədə siyasi qərarların qəbul edilməsinə təsir edə bilsinlər. Bizə son illər bu işdə yəhudi icmaları kömək edir. Dünyada yaşayan yəhudilər anlayıblar ki, onlar Azərbaycanda heç zaman antiseminizmlə üzləşməyiblər. Azərbaycan-İsrail münasibətləri müsbət inkişaf etdiyinə görə, bir sıra ölkələrdə yəhudi icmaları Azərbaycana dəstək verməyə başlayıblar. Dünyada Azərbaycana qarşı informaisya müharibəsi gedir. Ermənilər informasiya müharibəsində bütün çirkin vasitələrdən istifadə edirlər. Çalışırlar ki, dünyanın demokratik ölkələrində insan hüquqları amilini gündəmə gətirsinlər. Məqsəd dünyada azərbaycanlıların mənfi imicini yaratmaqdır. "Müsəlmanların yanında məzlum xristian ermənilər yaşaya bilməz ideologiyasını təbliğ etməyə çalışırlar. Bu, onların informasiya müharibəsidir. Bu müharibədə qalib gəlmək üçün Azərbaycan barəsində həqiqətləri dünyaya çatdırmalıyıq. Dünyanı ölkəmizin dəyərləri və mədəniyyəti ilə tanış etməliyik. Biz unikal tarixə malik olan xalqıq. Şərqin ilk demokratik dövlətini qura bilmişik. ABŞ-dan və bir sıra Avropa ölkələrindən qabaq xanımlara seçib, seçilmək hüququ vermişik. Strasburqun ən böyük konsert salonunda gənc azərbaycanlı Motsartı ifa edirsə, bu, erməni təbliğatını məhv edən ən mühüm amillərdən biridir.

-Prezident Nazirlər Kabinetinin son iclasında vacib məqamlara toxundu. İstərdim dövlət başçısının səsləndirdiyi problemlərlə bağlı şərh edəsiniz...

-İqtisadi islahatlarla bağlı "Yol Xəritələri təqdim olundu. Bu strategiya tamamilə düzgündür. Məmurları yol xəritələrində göstərilən məsələlərin həllinin icrasına məcbur etməliyik. Bu, Azərbaycan iqtisadiyyatının şaxələnməsi üçün şərait yaradacaq. Söhbət qeyri-neft sektorunun inkişafından gedir. Göstərilən istiqamətlər üzrə inkişafa nail olmaq üçün Azərbaycan dövlətinin və xalqının böyük potensialı var. Ölkədə maliyə sabitliyi bərpa olunacaq. Mən əslində, Azərbaycanın 2017-ci ildən sonrakı dövrünə nikbin baxıram. Biz qarşıda duran hədəflərə çatarıqsa, ölkənin sürətli inkişafı bərpa olunacaq. Çox istərdik ki, məmur özbaşınalığına son qoyulsun. Bu olarsa, ölkədə inkişaf sürətlənər.

Amid Əyyuboğlu